“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Yeni elmi araşdırmalar, Qazax - Ağstafa bölgəsinin maddi mədəni irsi və Ağalıqtəpədə aparılmış elmi-arxeoloji tədqiqatların ilkin yekunları” mövzusunda elmi-praktik seminar təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, seminarın keçirilməsində əsas məqsəd bölgənin tarixini, mədəni irsini yaşatmaq və gənc nəslə təbliğ etməkdir. Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş elmi-praktik seminarda rayon icra hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
İştirakçılar öncə qoruq ərazisində aparılmış elmi-tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanış olublar. Çıxış edənlər ölkəmizdə, o cümlədən “Keşikçidağ” mağaralar kompleksindəki abidələrin tədqiq edilməsi, qorunması, gələcək nəsillərə ötürülməsi sahəsində görülən işlərdən bəhs ediblər.
Elmi-praktik seminarın rəsmi hissəsi başa çatdıqdan sonra yerli və xarici mütəxəssislərin iştirakı ilə Ceyrançöldə yerləşən “Keşikçidağ” Kurqanlar Vadisinin ərazisində yeni aşkarlanmış abidələrə elmi tur təşkil olunub.