Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Başqırdıstan, Buryatiya, Tatarıstan respublikalarında, Zabaykalsk diyarında, Çelyabinsk vilayətində nodulyar dermatit, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda xırdabuynuzlu heyvanların çiçək, Macarıstanın Borşod-Abauy-Zemplen, Dyör-Moşon-Şopron inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının Aydaho, Alabama, Nebraska, Qərbi Virciniya, Corciya, Vaşinqton ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.