Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev Novruz bayramı ərəfəsində şəhid gizir Şakir Cəmillinin ailəsini ziyarət edib və onun yadigarı olan övladları Cəmil və Emillə görüşüb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən və döyüş yolundan danışılıb. Şəhidimizin xatirəsinin daim əziz tutulacağı, ailənin daim qayğı ilə əhatə olunacağı vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidin ailəsi mənzillə təmin olunub, ailə üzvlərinə zəruri sosial dəstək tədbirləri göstərilib və onlara sosial ödənişlər təyin edilib.
Qeyd edək ki, Şakir Cəmilli Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə o, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.