Həsənriz kəndi də övladlarına qucaq açdı
Qəhrəman oğullarımızın canları, qanları bahasına azad etdikləri Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri gündən-günə daha geniş vüsət alır, otuz ildən artıq Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin köç karvanları bir-birinin ardınca ata-baba yurdlarına istiqamət götürür. Bir vaxtlar göz yaşları içində ev-eşiklərindən didərgin düşmüş insanlar indi sevinə-sevinə daimi yaşamaq üçün öz ata-baba yurdlarına qayıdırlar. Bugünlərdə Böyük Qayıdışın yeni ünvanına çevrilmiş Ağdərədə də həyat canlanır, rayonun Həsənriz kəndi mərhələli şəkildə yeni sakinlərini qarşılayır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq martın 6-da daha 75 keçmiş məcburi köçkünün Vətən həsrətinə son qoyuldu, 25 ailə doğma Həsənriz kəndinə qayıtdı.
Kəndə çatan köç karvanınının qarşılanması və ailələrə evlərinin açarlarının təqdim edilməsi mərasimində Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, kəndin ilk sakinləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak etdilər. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirdi ki, işğaldan sonra Həsənriz kəndində yenidənqurma və bərpa işlərinə başlanılıb, kənd qısa zamanda elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Burada insanların yaxşı yaşaması üçün bütün zəruri infrastruktur qurulub. Artıq kəndə 50 ailənin köçürüldüyünü deyən S.Qəhrəmanov bundan sonra da köçün mərhələli şəkildə həyata keçiriləcəyini, bu məqsədlə hazırda kənddəki digər fərdi yaşayış evlərində də təmir işlərinin aparıldığını vurğuladı.
Mərasimdə çıxış edən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdilər.
Öz doğma yurduna qayıdışın sevincini yaşayan Nemət Süleymanov “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, torpaqlarımızın mənfur erməni işğalından azad edilməsindən sonra ilk dəfədir ki, Həsənrizə gəlir, özü də daimi yaşamaq üçün:
– Sonsuz sevinc və qürur içindəyəm. 53 illik ömrümün böyük hissəsini məcburi köçkün kimi yaşadım. Ancaq Allah şükürlər olsun ki, bu gün ailəmlə birlikdə öz torpağıma qayıtmışam. Dövlətimiz var olsun, bizim rahat köçməyimiz üçün hər cür şərait yaradılıb. Həsənriz də bizi sonsuz sevgilə qarşıladı. Elə bil bu yerlər əsl sahibləri üçün darıxıblar. Möhtərəm Prezidentimizin sayəsində bu gündə biz də daha məcburi köçkün deyilik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!
22 yaşlı Elvin də ilk dəfədir ata-babasının yurduna qədəm qoyub. Bizimlə söhbətində ilk təəssüratlarının onda böyük həyəcan yaşatdığını dedi:
– Dövlət Neft və Sənaye Univeristetinin məzunuyam. İşlə də təmin olunmuşdum. Ancaq heç tərəddüd etmədən, fəxrlə, sevinc hissi ilə Həsənrizə gəldim. Buralar indiyədək görmədiyim yerlərdi. Havası, suyu, ürəkaçan mənzərələri çox xoşuma gəldi. İnşallah, bundan sonra doğma kəndimdə işləyib, işğaldan azad edilmiş torpaqlarımızın inkişaf etdirilməsində iştirak edəcəyəm. Bu, mənim üçün həm böyük məsuliyyət, həm də qürurvericidir.
Həsənrizə qədəm qoyan ailələr qarşılandıqdan sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən onlara mina və partlamamış hərbi sursatların təhlükəsi barədə ətraflı məlumat verildi. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olundu. Qeyd edək, Həsənriz kəndinə ilk köç martın 3-də həyat keçirilib, 25 ailə doğma torpağına qayıdıb.
Mahir RƏSULOĞLU,
XQ-nin bölgə müxbiri
Ağdərə