3,9 min əlillik təyinatı
Ötən ay Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3 min 900 şəxsə əlillik təyin edilib.
Onlardan 1,7 min nəfərə ilkin, 2,2 mininə isə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər – pensiya, müavinət və təqaüd təyin olunub.
1129 uşağa sosial xidmət
Sosial Xidmətlər Agentliyi hazırda 1129 uşağa sosial xidmətlər göstərir. Onlardan 773 nəfəri stasionar, 356 nəfəri isə yarımstasionar formada sosial xidmətlərlə əhatə olunub.
Bu xidmətlərə agentliyin əlilliyi olan uşaqlar üçün və psixonevroloji sosial xidmət müəssisələrində, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi və uşaq evlərində, sosial xidmət mərkəzlərində və digər müəssisələrdə göstərilən xidmətlər daxildir. Müasir yaşayış və reabilitasiya şəraitinə malik olan həmin müəssisələrdə hər uşaqla bağlı fərdi inkişaf planı tərtib edilməklə sosial iş aparılır və sosial dəstək tədbirləri həyata keçirilir.
Fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.
1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya 280 manatdan 320 manata çatdırılıb. Fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib. İndeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.
Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Z.BAYRAM
XQ