Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan sərgi açılıb

post-img

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə onun adını daşıyan xatirə-muzeyində “Mübariz zirvəsi” adlı sərgi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar rayonunda yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun xatirə-muzeyində təşkil olunan tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhidin ailə üzvləri, Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin kollektivi, Milli Qəhrəmanın adını daşıyan təhsil kompleksinin müəllim və şagirdləri, mədəniyyət işçiləri iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, Mübariz İbrahimovun adı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Mübariz öz şücaəti, Vətən sevgisi və misilsiz fədakarlığı ilə əbədiyaşar qəhrəmanlıq rəmzinə çevrilib. Mübariz İbrahimov torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut edib.

Sonda incəsənət məktəbinin şagirdlərinin Mübariz İbrahimov haqqında çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.







Sosial həyat