“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması Türkiyə mətbuatında ən çox müzakirə edilən mövzulardan biri olaraq qalır.
AZƏRTAC xəbər verir ki, Türkiyənin aparıcı telekanalları, qəzetləri və xəbər portalları gün ərzində dəfələrlə xəbər bülletenlərini yeniləyərək Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı son hadisələr və açıqlamalar barədə məlumat verib.
Qardaş ölkənin media strukturları faciə ilə bağlı başsağlığı verən Türkiyənin rəsmi strukturlarının və rəhbər şəxslərinin reaksiyasına diqqət yönəldib. KİV qəza ilə bağlı ekspert qiymətləndirmələrinə yer verib.
Mülki aviasiya sahəsində tanınmış ekspert Haluk Kul “A Haber” telekanalının efirində qeyd edib ki, təyyarənin enmə trayektoriyası onu deməyə əsas verir ki, eniş zamanı hər iki mühərrik sıradan çıxıb və pilotlar hava gəmisini uçuş zolağına çatdıra bilməyiblər.
“Faciənin baş verdiyi əraziyə baxışa əsaslanaraq konkret nəsə demək düzgün deyil. “Qara qutu” məlumatlarının tədqiqi də daxil olmaqla, ətraflı təhqiqata ehtiyac var”, - deyə o vurğulayıb.
Eyni zamanda, ekspert quşların təyyarənin hər iki mühərrikinə düşə bilmə ehtimalının çox aşağı olduğunu qeyd etdi. “Dünya aviasiyasında belə hadisə 20 ildə bir dəfə baş verə bilər”, - deyə ekspert hesab edir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara