Güclü iqtisadi islahatlar daxili bazarın sabit inkişafına təsir göstərdi

post-img

Yeni texnologiyaların tətbiqi yeni infrastruktrun yaradılmasını təmin etdi

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Bu uğurların əldə edilməsinin bünövrəsində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu islahatlar durur. “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”, - ümummilli lider deyib.

Özəlləşdirmə

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan biri dövlət mülkiyyətinin özəlləşdirilməsi idi. Prezidentin fərman və sərəncamları ilə 1996-cı ildən etibarən bir sıra nazirlik, dövlət komitəsi, konsern və şirkətlər ləğv edildi, onların tabeliyindəki müəssisə və obyektlər özəlləşdirməyə açıq elan olundu, bununla da özəlləşdirmənin daha sürətli və çevik formada aparılması üçün zəmin formalaşdırıldı. 2003-cü ilədək 30 minə yaxın kiçik müəssisə özəlləşdirildi, 1500-dən artıq orta və iri müəssisə səhmdar cəmiyyətə çevrildi, ölkə vətəndaşları səhm və əmlak sahibi oldular. Ticarət, məişət xidməti, yeyinti sənayesi sahələrində minlərlə özəlləşdirilmiş müəssisə müvəffəqiyyətlə fəaliyyət göstərməyə, rəqabət qabiliyyətli məhsul istehsal etməyə başladı. 

Aqrar sektor da özəlləşmədən kənarda qalmadı. 1994-cü ilin martında Prezident sarayında keçirilən müşavirədə Heydər Əliyev deyib: “Bildiyiniz kimi, respublikamız ağır iqtisadi - sosial böhran içərisindədir...Azərbaycanın daxili imkanları çox böyükdür, böhran vəziyyətindən çıxmaq üçün mümkünatlar var. Biz bu imkanların hamısını işə salmalı, onlardan səmərəli istifadə etməli və respublikamızı bu ağır vəziyyətdən çıxarmalıyıq”. Ümummilli lider vəziyyətdən çıxış yollarından biri kimi aqrar islahatlara, əmlakın özəlləşdirilməsinə önəm verirdi. “Aqrar islahatların əsasları”, “Sovxoz və kolxozların islahatı”, “Torpaq islahatı” haqqında qanunlar da daxil olmaqla qəbul edilmiş 52-dən çox fərman, qanun və digər hüquqi normativ aktlar respublikamızda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. Torpaq islahatlarının başa çatdırılmış birinci mərhələsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıldı. Hər bir subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, dövlət aktları ilə rəsmiləşdirilərək, naturada sahiblərinə tanıdıldı. Bu mərhələdə işğal olunmuş rayonlarımız istisna olmaqla, ölkəmizdə torpaq payı almaq hüququ olan 873 min 618 ailədən 869 min 268-nə torpaq payı verildı. Bu isə 3 milyon 442 min 778 subyekt deməkdir. Dövlət əmlakının özəlləşdirilməsi isə Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) inkişafına təkan verdi. Bundan başqa, özəl sektorun inkişafında 1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995) Dövlət Proqramı” da rol oynadı.

Kiçik və orta biznes əhalinin sahibkarlıq fəaliyyətinə təkan verdi

Ümummilli lider tərəfindən kiçik və orta sahibkarlığa önəm verilməsinə səbəb nə idi? Kiçik və orta sahibkarlıq həm respublikanın daxili bazarlarının əmtəə və xidmətlərlə dolması, inhisarçılığın ləğv edilməsi və rəqabətin bütün sahələrdə genişlənməsində, həm də təşəbbüskar insanların yaracılığının üzə çıxması, mövcud əmək və material ehtiyatlarının istehsala cəlb olunmasında mühüm rol oynayır. Bu daxili bazarın sabit inkişafına təsir göstərir, yeni texnologiyaların tətbiqini, yeni infrastruktrun yaradılmasını təmin edir. Əhalinin tələbatının təmin olunmasında onun rolu böyükdür. Eyni zamanda, kiçik və orta müəssisələr istehsalçılarla istehlakçılar arasında birbaşa iqtisadi əlaqələrin qurulması, həmçinin iqtisadi islahat və istehsalın texnoloji quruluşunun yenidən qurulması, artıq işçi qüvvəsinin özünə cəlb edilməsi və nəhayət, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin yüksəklməsində böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bununla da biznesin inkişafı bazarda azad rəqabətə və sağlam mübarizəyə geniş imkan yaradır, tələbatçılar sektorunun genişləndirilməsinə səbəb olur. Bazarın mallar və xidmətlərlə zənginləşməsi, ixrac imkanlarının genişləndirilməsi, yeni xammal resurslarından səmərəli istifadənin effektliyinin artırılmasına geniş şərait yaradır. 

Dünya Bankı da kiçik və orta sahibkarlığın inkişafının ölkələrin iqtisadiyyatında rolunu yüksək qiymətləndirir. Bankın illik hesabatlarında qeyd olunur ki, əksər dünya ölkələrində iqtisadi fəaliyyətin əsas hissəsi kiçik və orta biznesə aiddir. Hətta iqtisadi cəhətdən keçid dövrünü yaşayan bir çox ölkələr öz iri tipli müəssisələri ilə tanınsalar da, hazırda həmin dövlətlərdə fəaliyyət göstərən iqtisadi subyektlərin böyük əksəriyyəti kiçik və orta müəssisələrdir. Bu da onu göstərir ki. kiçik və orta sahibkarlığın bütün ölkələrin iqtisadiyyatında rolu çox önəmlidir. Yəni, ölkənin iqtisadi inkişafı kiçik və orta sahibkarlığın vəziyyətindən birbaşa asılıdır. Kiçik və orta sahibkarlığın iqtisadiyyatda bu dərəcədə önəmli çəkiyə sahib olması isə onların xüsusiyyətləri ilə əlaqədardır. Çünki onlar daha az investisiya ilə daha çox istehsal və məhsul müxtəlifliyi əldə etməyə imkan verir. Eyni zamanda, iqtisadi dalğalanmalar onlara daha az təsir göstərir. Böhran dönəmində iri müəssisələrin müflisləşməsi ölkə iqtisadiyyatındakı böhranı daha da dərinləşdirir. Lakin kiçik və orta sahibkarlıq müəssisələrində belə risklər daha aşağıdır. Mütəxəssislər düşünürlər ki, əgər iri şirkətlər ölkədə elmi-texniki tərəqqinin və istehsal potensialının səviyyəsini müəyyən edirsə, kiçik və orta sahibkarlıq müəssisələri ölkənin sosial-iqtisadi sabitliyini və inkişafını təmin edir. Belə müəssisələrin çoxluğu iqtisadiyyatda tarazlığı formalaşdırır. Bu kimi xüsusiyyətlər kiçik və orta sahibkarlığı ölkə iqtisadiyyatında vacib problemlərin həllində əsas iştirakçı olmasına imkan verir. Nəzərə alaq ki, maaşlı çalışanların yarıdan çoxu məhz kiçik və orta böyüklükdəki müəssisələrdədirlər. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrin hər birində kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün dövlət tərəfindən fondlar yaradılır. Bu öllkələrdə mövcud müəssisələrin böyük əksəriyyəti kiçik və orta sahibkarlıq müəssisəsidir. Onların məşğulluqda payı 50-70 faizdir. Məsələn ABŞ, Yaponiya, İngiltərə, Almaniya, Polşa, Macarıstan kimi ölkələrdə KOS əhalinin məşğulluğunda və ölkələrin ÜDM-ində payı 50 faizdən çoxdur. Yaponiyada məşğul əhalinin 75 faizdən çoxu kiçik və orta sahibkarlıq subyektlərində çalışır. Göründüyü kimi kiçik və orta sahibkarlıq ölkədəki iş həyatının ən kütləvi forması kimi ölkənin sosial iqtisadi stabilliyini və inkişafını təmin edirlər. Bunlar əhalinin orta təbəqəsinin genişlənməsi, həmin təbəqənin rolunun gücləndirilməsinə səbəb olur. 

Dünya ölkələrinin təcrübəsi göstərir ki, orta təbəqənin güclü olduğu ölkələr həm siyasi, həm də iqtisadi, sosial və s. aspektdən daha sabit və yüksək inkişaf potensialına malik olurlar. Azərbaycan da istisnalıq təşkil etmir. İstənilən iqtisadi artımın məqsədi isə sosial rifahı yüksəldir. Deməli, həyata keçirilən iqtisadi islahatlar, Azərbaycanın iqtisadiyyatının inkişafında yaxından iştirak etməklə yanaşı, yeni iş yerlərinin açılmasında, əhalinin maddi imkanlarının və həyat şəraitlərinin yaxşılaşmasında, milli gəlirin artmasında və yeni dəyərin yaranmasında yaxından iştirak edir. Aydindir ki, yalnız dövlət əmlakının özəlləşdirilməsi ilə kiçik və orta sahibkarlıqda qarşıya qoyulan məqsədlərə çatmaq mümkün deyil. Ümummilli lider bunu çox yaxşı bilirdi.

Ümumi daxil məhsulda qeyri-dövlət sektorunun payı 71 faiz təşkil etdi

Ümummilli liderin rəhbərliyi ilə bu sahədə dirçəliş yaratmaq üçün hüquqi-normativ baza möhkəmləndirildi. “Azərbaycan respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" qəbul olundu. Bu proqramın yerinə yetirilməsi nəticəsində 2001-ci ildə ümumi daxil məhsulda qeyri-dövlət sektorunun payı 71 faiz təşkil etdi. Sənaye istehsalının 48,3 faizi, kənd təsərrüfatı istehsalının 99,0 faizi, tikinti işlərinin 76,1 faizi, daxili əmtəə dövriyyəsinin 98,4 faizi, əhaliyə göstərilən pullu xidmətlərin 62,5 faizi, sərnişin daşınmasının 83,9 faizi, xarici ticarət dövriyyəsinin 59 faizi, ixracın 52,6 faizi, idxalın 69 faizi özəl bölmənin payına düşdü. Dövlət büdcəsinin gəlirlərinin 39,6 faizi qeyri-dövlət sektorundan daxilolmalar hesabına formalaşdı. 2001-ci ilin yekunlarına görə, dövlət qeydiyyatından keçmiş qeyri-dövlət bölməsinə aid olan hüquqi şəxs statuslu təsərrüfat-maliyyə strukturlarının sayı 58,6 mini keçdi. Bunun 80 faizi kiçik və orta müəssisələridi. Orta hesabla əhalinin hər 10 min nəfərinə dövlət qeydiyyatından keçmiş 58 kiçik müəssisə düşürdü. Son 5 ildə KOS-un ümumi daxili məhsulda payı 24,7 faizdən 42,7 faizə çatdı. 

 “1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı”,  “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanunun qəbulu isə aqrar sektorda canlanma yaratdı. Qanunla kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edildilər. Fiziki şəxslərə gəlincə isə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) bu cür vergi ödəyicililəri 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edildilər. Lakin Qanunun 3-cü bəndinə əsasən, bu qanunla müəyyən edilən vergiləri ödəməkdən azad edilmiş hüquqi və fiziki şəxslər torpaq vergisinin ödəyiciləri idilər. Sonradan vergi güzəştlərinin müddəti ardıcıl olaraq 5 il müddətinə olmaqla bir neçə dəfə artırıldı.  2003-cü ildə isə Azərbaycanda 2 milyon taxıl, o cümlədən, 1,5 milyon ton buğda istehsal edildi. Kartof istehsalı 769 min, tərəvəz istehsalı 1 milyon, bostan bitkilərinin istehsalı 356,7 min. meyvə istehsalı 572,1 min, üzüm istehsalı isə 65 min tonadək artdı.

Əsassız müdaxilələrin qarşı alındı

Heydər Əliyevin rəhbərliyi altında dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su istifadə halları ilə mübarizə də genişləndirildi. Həmin vaxt kiçik və orta sahibkarların fəaliyyətlərinə müdaxilələr çox idi. Müxtəlif dövlət qurumları tərəfindən sahibkarlıq fəaliyyətininin yoxlanması adətən sahibkarlar üçün əlavə pul vermək, bəzilərinin işində fasilələrin yaranması demək idi. Bu neqativ halların qarşısının alınması ilə əlaqədat ümummilli lider 7 yanvar 1999-cu il tarixində "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzaladı. Nəticədə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük verdi, səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sistemi tətbiq olundu. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olundu və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutdu. 

2002-ci ildə sahibkarlığın inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel-may aylarında keçirdiyi görüşləri də diqqəti çəkdi. Buna bariz nümunə kimi Heydər Əliyevin 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, 14 mayda isə xarici sahibkarlarla görüşünü, onların hər birinə şifahi və ya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə təsdiqi olan olan bu görüşlər və onların nəticəsi kimi  2002-ci il avqustun 17-də Prezidentinin fərmanı ilə "Azərbaycan  respublikasında kiçik və orta sahibkarlığın inkişafı Dövlət Proqramı (2002-2005-ci illər)" təsdiq olundu. Bu sənəd sahibkarlığın inkişafı ilə bağlı əvvəlki proqramın məntiqi davamı  sayılırdı. 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanları da dövlət qurumları ilə sahibkarlıq subyektləri arasındakı münasibətlərin tənzimlənməsi, mənfi hallaın aradan qaldırılmasında mühüm rol oynadı.  

Maliyyə dəstəyi

Kiçik və orta cahibkarlığın inkişafı üçün vacib məsələlərdən biri də onların maliyyə mənbələrinə çıxışı ilə bağlı idi. Yeni yaranan kiçik və orta sahibkarlıq fəaliyyəti göstərən şirkətlər üçün vəsait əldə etmək, kreditlərdən yararlanmaq o qədər də asan deyildi. Kommersiya bankları və böyük maliyyə mərkəzləri kiçik və orta sahibkarlıq fəaliyyətinə investisiya ayırmaqda maraqlı deyildilər. İnvestisiya şirkətləri daha çox böyük sahibkarlığın inkişafına maliyyə vəsaiti ayırırdılar. Çünki kiçik və orta sahibkarlıq fəaliyyətində iflas təhlükəsi həmin maliyyə mərkəzlərini diqqətli olmağa vadar edirdi. Digər tərəfdən maliyyə mənbələri Azərbaycanın regionları üzrə düzgün şəkildə paylanmamışdı. Bu isə kiçik və orta sahibkarlığın maliyyə problemləriylə üzləşməsinə səbəb olurdu. Problemin həlli qarşıda duran məsələ idi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarların maliyyə mənbələrinə çıxışı üçün zəruri hüquqi mühit təmin edildi. İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondu yaradıldı. 27 avqust 2002-ci il tarixli fərmanla Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqləndi, strukturu formalaşdırıldı. Qaydalara uyğun olaraq 2002-ci ildə ilk dəfə 6 kommersiya bankı müvəkkil kredit təşkilatı qismində secilərək, öz adları və riskləri hesabına Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin sahibkarlıq subyektlərinə çatdırılmasında iştirak etməyə başladılar. Qaydaların tətbiqi sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə çıxış və kredit ehtiyatlarının daha dolğun ödənilməsi imkanlarının genişlənməsinə şərait yaratmaqla, dövlət büdcəsindən ayırılan vəsaitin tam istifadə olunmasına və növbəti illərdə həmin vəsaitin həcminin əhəmiyyətli dərəcədə artırılmasına müsbət təsir göstərdi. 2002-ci ildə dövlət büdcəsindən SKMF-yə 2.6 milyard manat (o dövrün məzənnəsi) ayrıldı, 2002-2003-cü illər üzrə dövlət büdcəsindən ayrılmış 70,0 milyard manat vəsaitin 65,5 milyard manatı müvəkkil banklar vasitəsilə respublikanın şəhər və rayonları üzrə 310-dan artıq sahibkarlıq subyektinə verildi. 4,5 milyard manatı isə Naxçıvan Muxtar Respublikasına ayrıldı.

Özəl sektora dövlət maliyyə mexanizminin qurulması, bank sektorunun inkişafına, rayonlarda bankların filiallarının açılması prosesinin sürətləndirilməsinə təkan verdi. Göründüyü kimi bu fond sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsinə, eyni zamanda sənaye sahəsindəki biznes layihələrinin maliyələşməsinə xidmət etdi və bu gün də edir.

Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldıldı

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilərək lisenziyaların müddəti uzadıldı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bütövlükdə liberal və rəqabətqabiliyyətli bir vergi sistemi formalaşdırıldı. Görülən tədbirlər kiçik və orta sahibkarlığın inkişafına təkan verdi, özəl sektor ölkə iqtisadiyyatında payına görə hakim mövqeyə yiyələndi. Bu həm də Azərbaycanın iqtisadi potensialının artması, investisiyanın cəlb olunması, ölkədə rəqabət mühitinin formalaşması, dövlət müəssisələrinin bir çoxunun fəaliyyətinin yenidən qurulması, müəssisələrdə yeni avadanlıq və texnologiyaların, habelə müasir idarəetmə üsullarının tətbiqinə səbəb oldu. Orta sahibkarlıq təbəqəsinin təşəkkül tapması və bununla da əhalinin həyat və yaşayış səviyyəsinin yüksəlməsinə, iqtisadiyyatın strukturunun günün tələbləri səviyyəsində yenidən qurulmasına səbəb oldu. Köhnə sovet psixologiyası tarixin arxivində gömüldü və yerini həmişəlik olaraq cəmiyyət üzvünün azad, müstəqil, tam demokratik düşüncə tərzinə verdi. Sahibkarlıq yeni iqtisadi sistemin tərkib hissəsi kimi nəzərdən keçirildi və cəmiyyətin iqtisadi təfəkkürü artıq azad işgüzar fəaliyyətin inkişafının mövcud problemlərin həllindəki rolunu əsasən qəbul etdi.

Pünhan ƏFƏNDİYEV

Sosial həyat