Kiyevdə Azərbaycan-Ukrayna Dostluq Xiyabanı salınıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi və Kiyev şəhər Meriyasının təşkilatçılığı ilə “Natalka” parkında keçirilən ağacəkmə aksiyasında Ukrayna Ali Radasının Ətraf Mühit Siyasəti və Təbiətin İdarə Edilməsi Komitəsinin sədri Oleq Bondarenko, Kiyev şəhər merinin müavini Petro Panteleyev, ictimai fəallar, diaspor nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyasından öncə çıxış edən Azərbaycan Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, bugünkü aksiya ətraf mühitin qorunması üçün birgə fəaliyyətin nə qədər vacib olduğunu nümayiş etdirir. Yaşıl şəhərlər həyat, sağlamlıq və davamlı inkişafın simvoludur.
“Azərbaycan üçün bu il ekoloji təşəbbüslər kontekstində xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin paytaxtı Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilib. Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyəti vurğulandı və Azərbaycanın daha dayanıqlı dünyanın yaradılmasına töhfə vermək öhdəliyini gücləndirdi. Bu layihə Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq 2024-cü ilin “ Yaşıl dünya naminə həmrəylik ili ” elan edilməsi çərçivəsində həyata keçirilir. Tədbirdə iştirakımız bu məqsədlərə çatmaq yolunda daha bir addımdır. Əminik ki, əməkdaşlığımız Kiyevin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına mühüm töhfə və Azərbaycan ilə Ukrayna arasında möhkəm dostluğun daha bir simvolu olacaqdır”, - deyə səfir əlavə edib.
Layihəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirən Kiyev şəhər merinin müavini Petro Panteleyev çıxışında qeyd edib ki, xiyabanın salınması iki ölkə arasında dost münasibətlərin bariz nümunəsidir. Azərbaycan dövləti Ukraynada da yaşıl dünya üçün öz töhfəsini verir.
Ukrayna Ali Radasının Ətraf Mühit Siyasəti və Təbiətin İdarə Edilməsi Komitəsinin sədri Oleq Bondarenko AZƏRTAC-a açıqlamasında göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
“Çox gözəl təşəbbüsdür. İnanıram ki, salınan xiyaban “Natalka” parkına yeni görkəm verəcək. Bir ildən sonra çiçəklənmiş ağaclar görəcəyik, ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasını hiss edəcəyik. Biz burada valideynləri ilə birlikdə oynayan uşaqların sevincini görəcəyik. Bu aksiya gözəl başlanğıcdır, bu cür aksiyaları ancaq dəstəkləmək lazımdır”, - deyə o bildirib.
Kiyev şəhər merinin müavini Petro Panteleyev isə AZƏRTAC-a açıqlamasında deyib: “Havanın soyuq olmasına, Ukraynanın çətin günlərinə baxmayaraq, bu gün biz xalqlarımız arasında möhkəm dostluq olduğunu bildirən jest etdik. Nəzərə alın ki, bu gün bizim prioritetlərimizdən biri ətraf mühitin daha da yaxşılaşdırılmasıdır. Çətin dövrlərə baxmayaraq, hesab edirik ki, davamlılığın göstəricilərindən biri ekologiyaya münasibət və yaşıl ərazilərin birgə genişləndirilməsidir. Buna görə də, bu gün biz gözəl ağaclar və kollar əkdik. Bu park daha da yaşıllaşacaq və kiyevlilər gələn ilin yazında burada dincəlməkdən məmnun olacaqlar. Ona görə də biz azərbaycanlı tərəfdaşlarımıza və dostlarımıza bugünkü aksiyada iştirak etdiklərinə görə təşəkkür edirik”.
Qeyd edək ki, Kiyevin Dnepr çayının sağ sahilində salınan xiyabanda yaz aylarında növbəti ağacəkmə aksiyası keçiriləcək və Azərbaycan-Ukrayna dostluğunu simvolizə edən lövhə vurulacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev