Ədliyyə orqanlarına işə qəbul edilmiş əməkdaşların andiçmə mərasimi olub

post-img

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş növbəti müsabiqənin bütün mərhələlərini uğurla tamamlamış və 6 aylıq stajorluq müddəti müəyyən edilməklə işə qəbul olunmuş ədliyyə işçilərinin andiçmə mərasimi keçirilib.

Nazirlikdən bildirilib ki, yeni ədliyyə qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ədliyyə nazirinin müavini Abiddin Hüseynov çıxış edərək bildirib ki, ədliyyə orqanlarında şəffaflıq prinsipi ilə açıq müsabiqələr keçirilib. Nazirliyin kadr korpusunun Vətənə sədaqəti, peşəkarlığı və yüksək şəxsi keyfiyyətləri ilə seçilən gənc mütəxəssislər hesabına gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Nazir müavini işə qəbul olunmuş əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra ədliyyə qulluqçularının Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında işə qəbul olunması barədə imzalanmış müvafiq əmr səsləndirilib.

Yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələri təqdim olunub.

Qeyd edək ki, nazirliyin Müsabiqə Komissiyası tərəfindən keçirilən sonuncu müsabiqə üzrə 148 nəfər hüquqşünas sənəd təqdim edib, onlardan 130-u test imtahanına buraxılıb. Test imtahanı, söhbət və icbari təlim mərhələlərini uğurla tamamlamış biri Vətən müharibəsi iştirakçısı, o cümlədən 17-si kişi, 18-i qadın olmaqla 35 namizəd ədliyyə orqanlarında işə qəbul edilib.







Sosial həyat