Ürəyimizə batan oxlar...

post-img

Dəmir qalxan da bu zərbələrə dözməz

15–20 il əvvəl həkim məsləhətlərinə o qədər də əhəmiyyət verməzdim. Ona görə ki, canım-başım çox ağrımazdı. Ağrıyanda da özümü ovxalatdırar, mürəbbəli çay içər, uzağı, günortaya kimi yatar, sonra da durub gedərdım işimin dalınca. Onu da deyim ki, gəncliyimdə təzyiqim həmişə normadan aşağı olub. Bir dəfə sahə həkimi anamı müayinə üçün evimizə gələndə mənim də təzyiqimi ölçüb təəccübləndi və dedi: “Bu təzyiqlə sən işə necə gedirsən? Nə vaxt istəsən, sənə xəstəlik vərəqi verə bilərik...”

Onda sovetlər dövrü idi və xəstəlik vərəqi həm həkimlərin, həm də işləyən və oxuyan vətəndaşların sevimli sənədi idi. Bu gün xəstəlik vərəqi almaq istəyənlərin sayı azdır. Çünki özəl təşkilatların rəhbərləri xəstəlik vərəqini görəndə elə bil “qutuda ilan görür”lər və dilxor olurlar. Nə isə, bu, başqa söhbətin mövzusu olduğundan arxasını yazmağı lüzumsuz sayıram.

Son vaxtlar həkim məsləhətlərinə diqqətlə qulaq asıram. Çünki yaş o yaş deyil. Bir vaxt saatlarla futbol oynayıb yorulmayan canım, indi nəyinsə arxasınca bərk qaçan kimi halım dəyişir. Yaxud sevdiyim xörəkdən bir az çox yeyən kimi gecə yata bilmirəm. Ona görə də imkan daxilində vaxtında və qədərində yeməyə çalışıram. Əvvəllər dan yeri qızarana kimi yata bilmir, televizora baxır, yazı yazır, yaxud kitab oxuyurdum. Amma indi yemək yeyir, xəbərlər proqramına baxır, 10-15 dəqiqə söhbət edirəm və əsnəmə tutur məni.

Deməli, yatmalıyam. Dostlarım deyir ki, biz axşam 11-in yarısından sonra sənə zəng etmirik, çünki yatmış olursan. Əlbəttə, bu sözlərdə bir qədər zarafat var, ancaq həqiqət tərəfi daha ağırdır. O da var ki, indi gecələr cəmisi 2-3 saat yatıram və ayılandan sonra səhərə qədər çimir eləyə bilmirəm. Yəqin ki, bu, çoxlarına tanış mərəzdir. Çünki insan yaşa dolandan sonra hər şeyə həssas olur və bu, bir çox xəstəliklərin yaranması üçün şərait yaradır. Buna görə də gərək özünü qorumağa çalışasan.

Yeri gəlmişkən, bir neçə gün əvvəl televizorda türk professor Şenel Yediyıldızla maraqlı bir müsahibəyə baxdım. Söhbətdə Şenel bəy dövrün geniş yayılmış bəlalarından olan infarktın başvermə səbəbləri barədə ətraflı və gərəkli məlumatlar verdi. Onun sözlərinə görə, əgər insanlar güclü yeməklər yeyir və çox vaxt hərəkətsiz yaşayırlarsa, infarktolma ehtimalı da artır. Ona görə də, təbiri-caizsə, çox yeməyə meyilli, hərəkətsiz adamlar gün ərzində, azı, üç-beş kilometr gəzib-dolanmalıdırlar.

Professorun dediklərinə sözüm yoxdur. Amma infarkt olmamaq yalnız adamın özündən asılı deyil. İndi bu böyük şəhərdə yaşayan hər bir soydaşımızın infarktolma riski böyükdür. Tutaq ki, sən hansı sənəd üçünsə müvafiq idarəyə gedirsən, təsadüfi hal ola bilər ki, nədənsə əsəbiləşib geri qayıtmayasan. Necə də əsəbləşməyəsən? Məsələn, canın ağrıyır, gedirsən həkimə və durursan növbəyə. Həkim bir-iki nəfəri qəbul eləyir və birdən telefonu zəng çalır. O da telefonu götürüb zəng çalanla, nə az-nə çox, yarım saat danışır. Xəstə də əsəbi halda oturub telefon söhbətinin sonunu gözləyir.

Həkim xəstəni başından eləyib yola salan kimi tibb bacısı tanışlarından birini onun yanına salır ki, bu, mənim qohumumdur, tez müayinə elə, tələsirlər. Amma bayaq dəhlizdə pıçıldaşma zamanı gözünlə görmüsən ki, xəstənin adamı bu tibb bacısının cibinə əlini saldı ki, onları növbəsiz həkimin yanına salsın. Bir az da səbrini basıb dayanırsan. Növbəsiz girən xəstə çıxandan az sonra həkim baş həkimin yanına gedir. Gözlə ha gözlə, axır ki, qayıdır. Növbədə duran xəstələrdən daha iki nəfəri müayinədən keçib gedir. Nahar fasiləsinə az qalmış tibb bacısı elan edir ki, həkim nahara gedir, fasilədən sonra gəlin...Di gəl infarkt olma!

Yaxud Gəncəyə getməlisən. Avtovağzalda tələsik minirsən avtobusa ki, istədiyin vaxtda ora çatasan. Sürücü də onların jarqonu ilə desək, arxadakı həmkarını “dartır”, yəni hərəkət cədvəlinə əməl etmir və istəyir ki, avtobus tam dolsun. Buna görə də avtovağzaldan çıxana kimi 20 dəqiqə keçir. Qalırsan içində qırıla-qırıla. Az getmiş Lökbatan dairəsində saxlayıb sərnişin soraqlayır. Avtobusdakıların haray-həşirinə əhəmiyyət vermir. İndi gəl infarkt olma!

Nəvəni uşaq bağçasına düzəltmək istəyirsən. Müdirin yanına girməmiş lövhədəki elanda oxuyursan ki, bağçada boş yer yoxdur. Buna baxmayaraq, müdirə xanımın yanına girib xahiş edirsən ki, bəlkə, kömək edəsən. Sənə bir dil tökür ki... Deyir ki, bizi tez-tez yoxlayırlar, bir nəfər artıq uşaq olsa, cərimələyirlər, töhmət verirlər və sair. Əlin ətəyindən uzun qayıdırsan geri. İki-üç gün sonra gəlin deyir ki, müdirə xanım qonşu Ağabala kişidən 200 manat “şirinlik” alıb 2 nəvəsini də bağçaya götürüb. Bu sözləri eşidəndən sonra gəl infarkt olma!

Yaxud səhər işə çatandan sonra saytlardan birinin xəbərlərini oxumağa başlayırsan ki, görüm bu gözəlim vətəndə nələr baş verir? Elə ilk xəbərdə oxuyursan ki, özünü ağıllı sayan bir cavan trol siyasətçi hörmətli bir ziyalının ünvanına, arkadaşlarımız demiş, elə çamır atıb ki, o dəqiqə əsəblərin yerindən oynayır. Belə üzü yanından qırmızının sözlərindən dilxor olursan. Sən də ağzına gələni mızıldaya-mızıldaya onun ünvanına göndərirsən. Başqa xəbərin başlığı isə belədir: “19 yaşlı gəlin yataqda başqası ilə tutuldu”. Belə və buna bənzər xəbərləri oxuduqca hövsələn daralır.

Sözün qısası, indi bazara, toya, yasa, daha nə bilim hara getsən, gərək özünü infarktdan qoruyasan. Qısası, professor Şenel Yediyıldızın sözlərinə əməl etmək üçün gərək bu şəhərdən çıxıb gedəsən. Bəs hara?

Səməd MƏLİKZADƏ

Sosial həyat