İcbari Tibbi Sığorta Agentliyindən XQ-yə verilən məlumata görə, infeksion xəstəliklərin erkən diaqnostikası icbari tibbi sığorta ilə aparılacaq. Xəbərdə bildirilir ki, bu xəstəliklər, adətən, patogen mikroorqanizmlərin, o cümlədən virus, bakteriya və göbələklərin orqanizmə daxil olması ilə inkişaf edir. Onlar bədəndə sürətlə yayılaraq müxtəlif orqan və toxumalara zərər verə bilər.
Yoluxucu xəstəliklər tənəffüs yollarından tutmuş həzm və qan dövranı sisteminə qədər geniş sahələrə təsir göstərə bilər. Bu xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicəsi onların ağırlaşmasının və yayılmasının qarşısını almaqda təsirli rol oynayır, epidemiya və pandemiya riskini isə azaldır.
Yoluxucu xəstəliklərin diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün bir neçə üsuldan istifadə olunur. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə də bir sıra infeksion xəstəliklərin diaqnostikası üçün funksional diaqnostika və laborator müayinələr daxildir. Bu müayinələr vasitəsilə həmin xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, patogen mikroorqanizmləri müəyyən etmək, onların yayılma mərhələsini dəyərləndirmək və bədənin immun cavabını öyrənmək mümkündür.
İTS çərçivəsində bakterial, virus, göbələk və parazitar infeksiyaların aşkarlanması məqsədilə aparılan müxtəlif laborator müayinələr xəstəliyə səbəb olan mikroorqanizmlərin növünü dəqiq şəkildə müəyyən edir. Məsələn, qanın, sidiyin, nəcisin və digər bədən mayelərinin analizləri ilə xəstəliyin mənbəyini aydınlaşdırmaq və infeksiyanın necə yayıldığını öyrənmək mümkün olur.
İnfeksion xəstəliklərin diaqnostikasında kompüter tomoqrafiyası və rentgen müayinələri mühüm yer tutur. Xüsusilə, tənəffüs yolları infeksiyalarında bu üsullar ağciyərlərdə yaranan patologiyaların, o cümlədən pnevmoniya kimi ağırlaşmaların vaxtında aşkarlanmasına kömək edir. KT müayinəsi orqanların strukturunu detallı şəkildə göstərir, iltihabi proseslərin və digər xəstəlik əlamətlərinin dəqiq lokalizasiyasını təmin edir. Rentgen müayinəsindən isə tənəffüs yollarının zədələnməsi dərəcəsini qiymətləndirmək və orqanizmdə inkişaf edən infeksiyaların təsirini aşkar etmək üçün geniş istifadə olunur.
Bu diaqnostik vasitələr sayəsində dəqiq diaqnozun qoyulması müalicə prosesini sürətləndirməyə imkan yaradır. İnfeksion xəstəliklərin aşkarlanmasında qanın antigen və antikor testləri vacib rol oynayır və geniş tətbiq olunur. İcbari tibbi sığorta hesabına aparılan bu testlər, xüsusilə Hepatit B, Hepatit C, İİV (İnsanın İmmunçatışmazlığı Virusu) və digər qan yolu ilə keçən infeksiyaların diaqnostikasında mühüm rol oynayır. Antigen testlər infeksiyaya səbəb olan mikroorqanizmlərin spesifik zülallarını aşkarlayaraq xəstəliyin mövcudluğunu təsdiqləyir. Antikor testlər isə orqanizmin həmin infeksiyaya qarşı yaratdığı immun cavabı müəyyən edir. Bu da xəstəliyin keçmişdə baş verdiyini və ya hazırda fəal fazada olub-olmadığını göstərir.
İcbari tibbi sığorta ilə göstərilən bu xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin elmi-tədqiqаt institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində gerçəkləşdirilir.
Zərifə HÜSEYNOVA
XQ