Çinli alimlər Hərbi Qənimətlər Parkını və Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər

post-img

Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J. Wu, Akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng AMEA əməkdaşları ilə birlikdə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Çin alimlərə Prezident İlham Əliyevin Ali Baş Komandanlığında Azərbaycanın  44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər barədə ətraflı məlumat verilib, qonaqlar erməni işğalçılarından qənimət götürülən bir çox hərbi texnika və sursatlarla yaxından tanış olublar.

Qonaqlar daha sonra AMEA əməkdaşlarının müşayiətilə Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər ediblər. Burada çinli alimlərə məlumat verilib ki, Qoruqda 6 mindən artıq qayaüstü rəsm və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji material qorunur.

Həmçinin diqqətə çatdırılıb ki, “Qobustan” Dövlət Tarix-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Çinli alimlər Azərbaycanın qədim tarixi, maddi mədəniyyət nümunələri, qayaüstü rəsmləri və arxeoloji tapıntıları ilə əyani tanış olaraq səfərdən məmnun qaldıqlarını bildirib, xatirə şəkli çəkdiriblər.









Sosial həyat