Romada İtaliyanın ANSA agentliyinin təşkilatçılığı ilə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Xəbər agentliklərinin gələcəyi” mövzusunda konfransı və Baş Assambleyası keçirilib.
Tədbirlərdə EANA-nın üzvü olan AZƏRTAC, həmçinin təşkilata daxil olan agentliklərin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində ANSA agentliyinin prezidenti Stefano de Alessandri, təşkilatın baş katibi Aleksandru Giboi, media üzrə nazir müavini Alberto Baraçini, “Getty İmages” şirkətinin prezidenti Kreyq Peters çıxış ediblər.
Konfransda xəbər agentliklərinin maliyyə mənbələrinin şaxələndirilməsi, informasiyanın gənc nəslə çatdırılmasının səmərəli yolları və yeni tədqiqatlar, süni intellektin xəbər istehlakına mümkün təsirləri müzakirə olunub.
EANA-nın üzv agentliklərinin nümayəndələri İtaliya Prezidenti Sercio Matarella ilə görüşüblər. Prezident xəbər agentliklərinin demokratik cəmiyyətin qurulması və möhkəmləndirilməsindəki rolundan, feyk xəbərlərlə mübarizədən, yeni texnologiyalar və media ənənələrindən danışıb, plüralizm və ifadə azadlığının əhəmiyyətini vurğulayıb.
Baş Asambleyada təşkilatın cari məsələlərinə baxılıb. EANA-nın “Maksim Minçev” Mükəmməllik Mükafatının qalibi “Süni intellekt əsaslı radio xəbərlər” layihəsi ilə Finlandiyanın STT agentliyi seçilib.
Keçirilən seçkilər zamanı Belçikanın “Belga” agentliyinin rəhbəri Patrik Lakroiks EANA-nın İdarə Heyətinin yeni üzvü, Aleksandru Giboi isə yenidən baş katib seçilib.