Naxçıvanda Milli Məclisə 6, Ali Məclisə isə 45 dairə üzrə seçkilər keçirilir

post-img

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da növbədənkənar parlament seçkilərinə start verilib. Muxtar respublikada seçkilər Milli Məclisə 6, Ali Məclisə isə 45 dairə üzrə keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Tibb Kollecində yerləşən, Milli Məclisə seçkilər üzrə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 12 saylı seçki məntəqəsi və Ali Məclisə seçkilər üzrə 28 saylı seçki dairəsinin 3 saylı seçki məntəqəsində proses qanunamüvafiq həyata keçirilir. Saat 07:50-də məntəqə seçki komissiyalarının sədrləri seçki məntəqəsini açıq elan edib, seçki komissiyasının üzvlərinə, müşahidəçilərə boş seçki qutularını göstərib onları kilidləyir və saat 08:00-da səsvermənin başlandığını bildirib.

Hər iki məntəqədə seçkilərin yüksək əhvali-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli və xarici müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılıb, veb-kamera quraşdırılıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər üzrə 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 44 məntəqə fəaliyyət göstərir. Bu dairədə seçicilərin sayı 46 min 857 nəfərdir ki, bunlardan 503-ü ilk dəfə öz səsvermə hüququndan istifadə edəcək. Dairənin 10, 12, 15 və 17 saylı məntəqələrində veb-kameralar quraşdırılıb. Dairə üzrə növbədənkənar parlament seçkiləri ilə əlaqədar 7 deputatlığa namizəd qeydə alınıb.







Sosial həyat