Avqustun 26-da Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın şəhərində Bayraq meydanında Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov açılış nitqi ilə çıxış edib.
Bayram ab-havası ilə keçirilən mərasimdə doğma Vətənə qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Bu gün doğma Laçınımızın füsunkar və əsrarəngiz, yaşıl təbiəti müxtəlif tədbir proqramları ilə al-əlvan rənglərə boyanacaq. Gün ərzində keçiriləcək tədbirlər nəinki laçınlıların, eləcə də bütün Azərbaycan xalqının yaddaşında daim qalacaq. Belə ki, Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümü münasibətilə geniş bayram proqramı tərtib edilib. Şəhərin mənzərəli terrasında rəngarəng proqramlar həyata keçiriləcək. Məkanda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunacaq. Ustad dərslərində şəbəkə, həsir sənəti, keramika, misgərlik və s. sahələr üzrə məlumat veriləcək, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdiriləcək.
Sonra Laçın Kinoteatrında “Laçınım mənim” rəsm sərgisi və “Zamanın qanadlarında – Laçın” fotosərgisi açılacaq.
Həmçinin gün ərzində Həkəri çayının sahilində “Can Laçın” yarmarkası (Laçın mətbəxinin təqdimatı), Dağların nəfəsi – poeziya saatı və uşaqlar üçün tədbirlər (çərpələng uçurtma, maska, şar və torba oyunları, face art və s.) təşkil olunacaq.
Qeyd edək ki, ötən ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis olunub.