Bahar Muradova Samuxda vətəndaş müraciətlərini dinləyib

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Samuxda vətəndaşları qəbul edib. Komitədən XQ-yə verilən xəbərə görə qəbul zamanı Gəncə şəhər, Samux və Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında ailədaxili münasibətlər, uşaqlarla ünsiyyət, işlə təmin olunma, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, uşaq hüquqları və digər məsələlər yer alıb.
Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Zərifə HÜSEYNOVA
XQ





Sosial həyat