Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) təsisçisi və prezidenti Qaiser Nəvvab Xocalı hava limanında dövlət bayrağının ucaldılması münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu hadisəni Azərbaycan tarixində qürurverici gün kimi qiymətləndirib.
Dövlət bayrağının Xocalı hava limanında qaldırılması Azərbaycan xalqının qüdrətini və möhkəmliyini simvolizə edir. Bu nailiyyət Azərbaycanın Ali Lideri və Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyinin və uzaqgörənliyinin göstəricisidir. Onun rəhbərliyi altında Azərbaycan suverenliyə, sülhə və inkişafa sadiqliyini ardıcıl olaraq nümayiş etdirib.
Q. Nəvvab bildirib ki, Xocalı hava limanında dövlət bayrağının dalğalanması təkcə Azərbaycanın qələbəsi deyil, milli bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərinə inanan bir xalqın ümid və birlik rəmzidir. Biz də Pakistan xalqı olaraq, bu tarixi nailiyyəti Azərbaycan xalqı ilə birlikdə qeyd edirik.
O, həmçinin qeyd edib ki, Pakistan və Azərbaycan arasında olan sıx əlaqələr mədəni mübadilə və qarşılıqlı anlaşma çərçivəsində daha da inkişaf edir.
Bu hadisə hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Pakistan-Azərbaycan Məzunları Assosiasiyası belə qələbələrin daha çox olmasını arzulayır və Azərbaycan rəhbərliyinə, xalqına ən xoş diləklərini çatdırır.
Fidan SALMANOVA
XQ