“Şeir adam” – Ramiz Qusarçaylı

post-img

Mayın 28-də paytaxtdakı “Elmlər bağı”nda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində təşkil olunan “Şeir adam” layihəsinin növbəti qonağı Quba rayonunda yaşayıb-yaradan tanınmış şair Ramiz Qusarçaylı idi. Görüşə şairin ecazkar poeziyasının çox sayda heyranları təşrif buyurmuşdular. 

Ramiz Qusarçaylı əvvəlcə ona xas səmimiyyətlə görüşü təşkil edənləri və poeziya həvəskarlarını ürəkdən salamla­dı. Sonra qısa da olsa, özünün ilk uğur­lu qələm təcrübələrindən başlayaraq bir neçə il əvvəl qələmə aldığı və ona böyük oxucu sevgisi və populyarlıq qazandıran “Azərbaycan bayrağı” şeirinədək keçdiyi yaradıcılıq yolundan bəhs etdi. 

Şair hər birimiz üçün əziz və doğma olan Şuşanı ötən il ziyarət edən zaman yaşadığı duyğusal anları yada salaraq dedi ki, bu gözəl və bənzərsiz şəhərin düşməndən azad edilməsi hamı kimi, onun da ruhunu səmaların ənginliklərinə yüksəldib. O, özünü şanlı Vətənin xoş­bəxt övladı sanır və yazıb-yaratmaqdan zövq alır. 

Sonra tarix elmləri doktoru, profes­sor, şair Şahin Fazil çıxış etdi. Dedi ki, Ramiz Qusarçaylı “Şeir adam” adlan­dırılmağa, həqiqətən, ən çox layiq olan şairlərdəndir. Belə ki, o, vətənpərvərlik keyfiyyətlərindən doğan zəngin mənəvi dünyası, yüksək sənətkarlıq xüsusiy­yətləri, mükəmməl yaradıcılıq səriştəsi, araşdırma və təhlil qabiliyyəti ilə seçilən, bütövlükdə, vətəndaş-şair obrazı yaşa­yan bir sənətkardır. 

Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin Quba filialının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ay­tən Qurbanova səhnəyə çıxaraq “Azər­baycan bayrağı” şeirini böyük bir şövqlə oxudu. Yeri gəlmişkən, Aytən xanımın şeiri Azərbaycan bayrağına bürünərək, ucadan ifa etməsi diqqətdən yayınmadı. 

Əziz oxucu, necə də əzəmətli səslə­nir:

“Sənsən Azadlıq eşqim, sənsən Hürr, –deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm. 

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı,

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!” 

Milli istiqlalımızın rəmzi olan üçrəngli bayrağımızın çağdaş poeziyamızda, elə­cə də Qusarçaylı yaradıcılığında dərin hörmət və ehtiramla tərənnüm edilməsi görüşün əsas leytmotivinə çevrildi. “Azər­baycan bayrağı” şeirinə azı 7 mahnının bəstələndiyi məlumdur. Bu gözəl şeirə ilk melodiyanı isə xalqımızın sevimli mü­ğənnisi, mərhum Məhəbbət Kazımov bəstələyib. Budəfəki görüşdə isə gənc, bəstəkar Anar Bayramlı öz gözəl bəstə­sini böyük həvəslə oxudu. 

Qusarçaylının qiraət ustası Müşfiqə Baləddinqızının ifasında səslənən lirik şeirləri də şairlə görüşə gələnləri çox duyğulandırdı. Ramiz müəllim həmin ax­şam bir çox yeni şeirlərini də oxudu. 

Son illər Türkiyədə yaşayan həm­yerlimiz, şair-tərcüməçi, jurnalist Təranə Musayeva çıxışında Qusarçaylı poeziya­sının qardaş ölkədə də sevildiyini bildirdi. Vurğuladı ki, Azərbaycan ədəbiyyatı bu gün dünyanın ən güclü ədəbiyyatların­dan sayılmağa layiqdir. Yetər ki, şair və nasirlərimizi layiqincə təqdim etməyi ba­caraq.

Sabirabadlı qocaman pedaqoq, ha­zırda pensiyada olan Səidə Şirinova isə görüşdə söz alaraq fəxrlə bildirdi ki, ötən yaxın illər ərzində onun şagirdləri “Azər­baycan bayrağı” şeirini əzbər söyləmək­dən sonsuz zövq alırdılar. Səidə müəllimə düşünür ki, bu şeir ədəbiyyat müntəxaba­tımızda özünə əbədi yer tutacaq.

Görüşün sonunda Xalq artisti Gülyaz Məmmədovanın ifasında şeir və musiqi­nin vəhdəti olaraq bir-birindən gözəl mahnılar səsləndirildi. 

Bəlkə də bu kiçik yazıya burada nöqtə qoymaq olardı. Amma Ramiz Qu­sarçaylının tədbirdə haqqında tez-tez söz açılan möhtəşəm “Vətən” poema­sını burada xatırlatmamaq günah olar­dı. Düşünürəm ki, xalqımızın qədim və şanlı tarixininin böyük məharətlə nəzmə çəkildiyi bu parlaq mənzum əsər barə­də sadəcə iqtisad elmləri doktoru, pro­fessor, yazıçı Əlibala Məhərrəmzadənin səmimi ürək sözlərini yada salmaq ki­fayət edər. O yazır:

“Mən ustad şair Ramiz Qusarçaylıya belə bir sənət şedevri ortaya qoyduğu üçün hədsiz minnətdarlıq bildirir, eyni zamanda əminlik ifadə edirəm ki, tezliklə bu poema hər bir azərbaycanlının ürə­yinə həkk olunacaq. Əsərin son misraları isə dillər əzbəri olacaq: 

Vətən! 

Bir ürəkdə döyünən candır, 

Qarabağ bizimdir, –

Azərbaycandır! 

 

M.HACIXANLI
XQ

Sosial həyat