Bişkekdə Heydər Əliyevə həsr olunmuş “Azərbaycan böyük addımlarla  irəlləyir” adlı tədbir keçirilib

post-img

Azərbaycanın Qırğız Respublikasındakı (QR) Səfirliyinin təşkilatçılığı ilə Bişkek şəhərində yerləşən Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir təşkil edilmişdir. 

Tədbirdə səfirliyin əməkdaşları, «Birlik» Azərbaycan diaspora təşkilatının sədri Xansuvar Baxşəliyev, diaspora təşkilatının sabiq sədri Akif Alaferdov və digər diaspora üzvləri, 20 saylı məktəb-gimnaziyanın müəllim və şagird heyəti iştirak etmişlər. 

İlk öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülmüş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin əvvəlində hər iki ölkənin himnləri səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Kanikey Alimkulova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının 20 nömrəli məktəb-gimnaziyaya verilməsindən fəxr hissi duyduqlarını söyləmişdir. 

O qeyd etdi ki, ölkələrimiz arasında münasibətlərin genişlənməsi fonunda H.Əliyev adına təhsil ocağının üzərinə böyük məsuliyyət düşür. Şagirdlərin təlim və tərbiyəsində, vətənpərvər insan kimi formalaşmasında Heydər Əliyev şəxsiyyətinin böyük əhəmiyyətli rolu və təsiri vardır. Açılış nitqindən sonra  tədbir iştirakçılarına Heydər Əliyevə həsr olunmuş “Azərbaycan böyük addımlarla  irəlləyir” adlı sənədli film nümayiş etdirilmişdir. Film böyük rəğbətlə qarşılanmış və şagirdlərdə Heydər Əliyevin keçdiyi şərəflihəyat yolu haqqında canlı təsəvvür yaranmışdır. 

Daha sonra çıxış edən səfir L.Qəndilov Heydər Əliyevin iki qardaş ölkə arasında münasibətlərin qurulmasında çox mühüm rol oynadığını bildirmişdir. Azərbaycanın dövlət rəsmiləri arasında ilk dəfə olaraq Qırğızıstana məhz Heydər Əliyevin səfər etdiyini, “Manas”ın 1000 illiyinə həsr olunmuş tədbirdə çıxış edərək “Manas”in dilinin ortaq dilimiz olduğunu söylədiyini xatırlatmışdır.

Daha sonra səfir bildirmişdir ki, Prezident İlham Əliyev ulu öndərin yolunu davam etdirərək ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirməkdədir. Son illər ərzində ölkə başçılarının qarşılıqlı səfərləri, xüsusi ilə Prezident S.Japarovun Azərbaycana  aprel ayında baş tutmuş son səfəri və səfər çərçivəsində Bakı şəhərinin mərkəzi prospektlərindən biri olan - Azadlıq prospektində Ç.Aytmatovun heykəlinin açılışı, ölkəmiz tərəfindən maliyyələşdirilən Azərbaycan-Qırğız investisiya fondunun büdcəsinin 4 dəfə artırılaraq 100 milyon dollara çatdırılması, İssık-Kulgölü ərtafında Azərbaycan tərəfindən böyük 5 ulduzlu otel kompleksinin tikilməsi əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinin bariz nümunəsidir. 

Prezident İlham Əliyevin göstərişi ilə 20 nömrəli məktəb-gimnaziyanın Qırğızıstanda ilk dəfə olaraq yüksək texnologiyalı avadanlıqlarla 6 otaqda STEAM mərkəzi təchiz olunması qardaşlıq sevgisinin nümünəsidir.

Səfir ulu öndər Heydər Əliyevin haqqında danışaraq qeyd etmişdir ki, O, bizə dövlət idarəçilik sirlərini öyrətmiş, insanlara qayğı ilə yanaşmağı nəsihət etmişdir. Heydər Əliyev öz çıxışlarında həmişə bildirirdi ki, dövlət işində hazırlıqlı yüksək mədəniyyət və mənəviyyata xas olan insanlar işləməlidir ki, pisi yaxşıdan, xəyanəti səhvdən ayıra bilsin. Həmin şəxslər elə bir səviyyədə olmalıdır ki, şairlə, akademiklə və bu kimi insanlarla söhbət edə bilsinlər.

Daha sonra 20 saylı məktəb-gimnaziyanın 9-cü sinif şagirdi Kasımaliev Edil çıxış edərək söyləyib ki,  Prezident İlham Əliyevin dəvəti ilə məktəbli yoldaşları ilə birgə Bakıda səfərdə olmuşdur. O, səfər zamanı Bakının gözəlliyinə heyran qaldığını, Azərbaycan xalqının sadə və zəhmətkeş insanlarına böyük hörmət və sevgisinin yarandığını söyləmiş, Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra xoş təəssüratlar ilə ayrılmışdır.

Daha sonra tədbir gimnaziyada təhsil alan şagirdlər tərəfindən mədəni şou proqramla davam etmişdir.











Sosial həyat