Gəncə Tibb Kollecində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra giriş sözü ilə çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev xalqımızın xilaskar oğlu, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, milyonların əbədi sevgisini qazanmış Ulu Öndər Heydər Əliyevin səhiyyəmizin inkişafındakı əvəzolunmaz rolundan danışıb.
“Heydər Əliyev bütün sahələr üzrə dərin biliklərə və tükənməz enerjiyə sahib olan şəxsiyyət idi. Onun üçün ən ümdə məsələlərdən biri əhalinin sağlamlığının mühafizəsi, tibb xidmətinin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşdırılması idi. Ulu Öndər Azərbaycanın səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən olan tibb elmi və tibb təhsili sistemini, xüsusilə diqqət mərkəzində saxlayırdı. Tibb ixtisaslı milli kadrların formalaşmasını, gənc kadrların bilik və təcrübələrinin artırılmasını daim ön plana çəkən dahi şəxsiyyət səhiyyənin inkişafı üzrə tədbirlər kompleksinin əsas məqamlarından biri olan mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsini əsas prioritet sahə hesab edirdi” deyə M.Rzayev əlavə edib.
Direktor vurğuladı ki, hazırda unu öndərin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə ilə yanaşı bütün sahələrdə olan inkişaf göz qabağındadır.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ölkəmizin tarixinə sosial-iqtisadi yüksəliş mərhələləri kimi daxil olub.
Sonda kollecin tələbələrinin ifasında mahnılar oxunmuş, şeirlər səsləndrilmiş, milli rəqslər nümayiş etdirilmişdir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri