Tokioda xəbər agentlikləri yeni informasiya yayımı yollarını müzakirə ediblər

post-img

Tokioda Yaponiyanın Kyodo agentliyinin təşkilatçılığı və İranın İRNA agentliyinin sədrliyi ilə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 52-ci iclası və konfransı işə başlayıb. Təşkilatın vitse-prezidenti olan AZƏRTAC da İcraiyyə Komitəsinin iclası və konfransda iştirak edir.

Konfransın açılışında çıxış edən OANA-nın prezidenti və İRNA agentliyinin icraçı direktoru Ali Naderi və Kyodo agentliyinin prezidenti Toru Mizutani media qarşısında duran çağırışlardan danışıblar. Bildirilib ki, texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə xəbər yayımı sahəsində imkanlar genişlənir, eyni zamanda informasiya təhlükəsizliyi məsələləri daha da aktuallaşır. Bu kontekstdə xəbər agentlikləri etibarlı informasiya mənbəyi imicini saxlaya bilməsi üçün texnologiyalardan daha çevik istifadə etməlidir. Bu, auditoriyaya çıxışı və daha geniş əhatə dairəsi qurmaq üçün önəmlidir.

Konfransda gənc nəslə informasiyanın çatdırılması yolları və xəbər agentliklərinin gəlir mənbələrinin şaxələndirilməsi məsələləri diqqət mərkəzində olub. Çıxışçılar gənc nəslə xəbərlərin əsasən sosial şəbəkələr vasitəsilə çatdırılmasına toxunublar. Yonhap agentliyi isə xəbərləri gənclərə oyun proqramları vasitəsilə və ya oyun formalarında çatdırmaq istiqamətində layihəyə başladığını bildirib. Bu mövzunun effektivliyi məsələsi geniş müzakirə yaradıb. İştirakçılar informasiyanın oyun formasında çatdırılmasının onun əhəmiyyətini azalda biləcəyini bildiriblər.

Xəbər yayımının şaxələndərilməsi mövzusunda agentliklər süni intellekt əsaslı platformalara üstünlük verilməsini qeyd ediblər. Bununla əlaqədar Kyodo agentliyi elektrik avtomobillərində xəbər yayımı layihəsini təqdim edib. Konsepsiyaya əsasən, xəbərlər avtomobillərin əməliyyat sistemlərinə GPS vasitəsilə ötürülə bilər. Burada əsasən video kontentin və səsli xəbərlərin əks olunmasına üstünlük verilir.

Konfrans işini müzakirələrlə başa çatdırıb.



Sosial həyat