Bu il yubiley yaşını qeyd edən şəhərlərdən biri də Şirvan (Əli Bayramlı) oldu. Bu münasibətlə də şəhərin hər yerində müxtəlif tədbir və konsert proqramları təşkil olunmuşdu. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də aparılan abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf, insan amilinə göstərilən qayğı sayəsində özünün yeni inkişaf dövrünə qədəm qoymuş Şirvan şəhəri bu gün növbəti inkişaf mərhələsini yaşayır. Bu sözləri Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov deyib. O, şəhərin 60 ildə inkişafını əks etdirən geniş məruzə ilə çıxış edərək, tədbir iştirakçılarını və şəhər sakinlərini yubiley münasibətilə təbrik edib. Bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü il həm də Ulu Öndərin ideya və arzularının öz tarixi gerçəkliyinə qovuşduğu möhtəşəm “ZƏFƏR İLİ” kimi tariximizin yaddaşına əbədi həkk olunub. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbirdə Millət vəkili İltizam Yusifov, pedaqoji elmlər doktoru, professor Akif Abbasov, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, əməkdar insəsənət xadimi, professor Nazim Kazımov, şəhər Ağsaqqallar şurasının sədri, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov çıxış edərək, bildiriblər ki, “Neft şəhəri”, “Nur şəhəri” kimi tanınan Şirvan şəhəri 60 illik yubileyini öz əsrarəngiz gözəlliyinin libası ilə qeyd edir. Ölkəmizin ictimai-siyasi həyatında hər zaman fəal rol oynayan, şəhərimizin dəyərli, elm, mədəniyyət, incəsənət xadimləri, görkəmli təhsil, səhiyyə işçiləri, neftçiləri, energetikləri bir sözlə ictimai həyatın, iqtisadiyyatın bütün sahələrində çalışan şəhər sakinləri doğma şəhərimizin 60 illik yubileyini həmrəylik, qürur və sevinc hissi ilə qeyd edirlər.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilən Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Azər Hüseynova “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim edib.
Daha sonra Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illiyi ilə əlaqədar bir qrup şəxsə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim olunub.
Həmçinin silsilə tədbirlər çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” və Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyi ilə əlaqədar şəhərin 20 Yanvar 17 və 17A küçəsində ağacəkmə aksiyası keçirilib. Konsert proqramından öncə “Heydər Əliyev İli” çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin müxtəlif zamanlarda çəkilmiş xüsusi fotoşəkillərinin xalça üzərində toxunmuş sərgisi keçirilib. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Fidan SALMANOVA
XQ