Cəsur döyüşçü - Kərəm Həsənov

post-img

Əslən Gədəbəy rayonundan olan şəhid Kərəm Akif oğlu Həsənov 01.01.1996-cı ildə anadan olmuşdur. O, 2002-ci ildə Gəncə şəhəri, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Kərəm elə məktəb illərindən başlayaraq hərbi dərslərində xüsusi fəallıq göstərmiş, məktəbdaxili hərbi qrup olan "Şahinlər" qrupuna üzv olaraq hərbi təlimlərinə qoşulmuşdur. Kərəm yalnız hərbidə deyil, idman sahəsində də ölkəmizi layiqincə təmsil etmişdir və böyük nailiyyətlər qazanmışdır.

O, kikboksinq üzrə 12-13 yaşlı idmançılar arasında 1-ci yer tutmuşdur. Kərəm, 2013-cü ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur və 2017-ci ildə hərbi akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. O, hərbi akademiyanı bitirdikdən sonra Azərbaycanın bir çox şəhər və rayonlarında hərbi vəzifəsinə tank komandiri olaraq davam etmişdir. O, Bakı şəhərində, Bərdə, Mingəçevir, Ağcabədi, Beyləqan və Qubadlı rayonlarında hərbi vəzifəsini layiqincə yerinə yetirmişdir. Kərəm Həsənov 2020-ci il, 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü baş leytenant rütbəsinə layiq görülmüşdür. Kərəm Həsənov 44 günlük böyük Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş və Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamı ilə "Döyüşdə fərqlənməyə görə", "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur. 

O, həmçinin, Suqovuşanın və Ağdam rayonunun, eləcə də kəndlərinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərmişdir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda Komando Ordu Birliyi yaradıldı. Kərəm, 2022-ci ilin sonlarında Komando briqadasına qoşulur və Qubadlı rayonunun Muradxanlı kəndində hərbi vəzifəsinə davam etməyə başlayır. Kərəm Həsənov Azərbaycan Silahları Qüvvələrinin başlatdığı "Antiterror tədbirləri" nəticəsində 20 sentyabr 2023-cü ildə Xocavənd rayonununda şəhidlik zirvəsinə ucalmışdır. Kərəm Həsənov 22 sentyabr 2023-cü ildə Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. O, yaralı vəziyyətdə yenə öz vəzifə borcunu layiqincə yerinə yetirib, son nəfəsinə kimi vuruşub və qarşı tərəfin, düşmənin bir neçə postlarının ələ keçirilməsində böyük xidməti olub. O, şəhid olduqdan sonra Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", medalı və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

Qeyd edək ki, Kərəm Həsənov 2021-ci ilin mart ayında Nərmin adlı xanımla ailə həyatı qurmuş və bu evlilikdən bir qız övladı dünyaya gəlmişdir. Onun Vətənə əmanət Rüqəyya adlı körpə qızı qaldı.

Sosial həyat