“Vətən uğruna köz olan ömür!” adlı anım tədbiri

post-img

Hərb Tarixi Muzeyi və “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə I Qarabağ müharibəsinin şəhidi, kəşfiyyatçı kapitan Teymur İbrahimovun anadan olmasının 50 illik yubileyinə həsr olunmuş “Vətən uğruna köz olan ömür!” adlı anım tədbiri keçirilib.

Azərbaycan Hərb Tarixi Muzeyində təşkil edilən mərasimdə şəhid kapitan Teymur İbrahimovun ailə üzvləri, döyüş dostları Vətən Müharibəsi iştirakçıları, qazilər, Müdafiə Nazirliyinin idarə və müəsisələrindən nümayəndə heyəti iştirak edib.

Əvvəlcə Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Teymur İbrahimovun həyatı və döyüş yoluna həsr olunmuş məruzəsi dinlənilib. Vurğulanıb ki, xalqımızın igid, qəhrəman övladları Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəliblər. Onları hörmət və ehtiramla anmaq mənəvi borcumuzdur. Belə mərd, fədakar, mübariz Vətən övladlarından biri qorxmaz kəşfiyyatçı kapitan Teymur İbrahimovdur.

Teymur İbrahimov 1974-cü il yanvarın 2-də Xaçmaz rayonunun Qusarçay kəndində dünyaya gəlmişdi. Əslən Xaçmaz rayonunun Qusarçay kəndindən olan 18 yaşlı Teymur İbrahimov Vətənin ağır günlərində çağırışla Qusar rayonunda yaradılan taborun şəxsi heyətin sırasına daxil edilmişdi. Üç ay hazırlıq keçdikdən sonra taborun heyətində Qubadlı - Laçın bölgəsinə göndərilmişdi. İlk döyüşlərdə tabor xeyli itki vermişdi. Fədakarlığını, bacarığını nəzərə alıb döyüş bölgəsində taqım komandiri vəzifəsini ona tapşırmışdılar. 

Atəşkəsdən sonra kəşfiyyata marağı olan, bütün cəhətləri uyğun gələn və bacarıqlı zabit kimi hörmət qazanmış Teymur İbrahimovu kəşfiyyatçıların bölük komandiri vəzifəsinə təyin etmişdilər. O, bu vəzifənin də öhdəsindən layiqincə gəlmişdir.

Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsində igidlik və fədakarlıq göstərdiyinə, hərbi hissə qarşısında  qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə 24 iyun 1998-ci ildə Teymur Paşa oğlu İbrahimov Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdi. 

Lakin sonuncu tapşırığı yerinə yetirmək mümkün olmadı.
Gənc zabit 1998-ci il avqustun 26-da döyüş tapşırığını yerinə yetirərkən 24 yaşda qəhrəmancasına şəhid olub. Teymur İbrahimov qısa, lakin şərəfli ömrü ilə gələcək nəsillərə nümunədir. Şəhidlər yaddaşlarda əbədi yaşayacaqlar. 

Sonra Teymur İbrahimova həsr olunmuş sənədli film nümayiş etdirilib.  

Sonda Azərbaycan Milli Müdafiə Universitetinin professoru, I dərəcəli kapitan Nurulla Əliyevin müəllifliyi ilə çap olunan Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunmuş “44 günlük Vətən müharibəsi” adlı kitabın təqdimatı olub.

 







Sosial həyat