On bir ayda 6,7 tondan çox narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən götürülüb

post-img

Bu ilin yanvar-noyabr aylarının yekununa dair narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən ümumiləşdirilib.

Bu barədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan  məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9758 cinayət faktı aşkarlanıb. Onlardan 3158-i narkotik vasitələrin qanunsuz satışı 6276-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 294-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 719 kiloqram 31,413 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 886 kiloqram 649,814 qramını heroin, 3 ton 961 kiloqram 758, 574 qramını marixuana,265 kiloqram 153,968 qramını tiryək, 53 kiloqram 459,642 qramını həşiş, 750,831 qramını kokain, 407 kiloqram 951,329 qramını psixotrop maddələr, 143 kiloqram 307,255 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 50901 ədəd həb metadon, 95 ədəd həb psixotrop maddə, 16630 ədəd çətənə bitkisi, eləcə də 3 kiloqram 197,368 qram, 7703 ədəd kapsul, 3591 ədəd həb və 25,55 qram güclü təsir edən maddə, 1 kiloqram 613 qram zəhərli maddə və 65,68 qram prekursor qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 420,494 hektar sahədən çəkisi 303 ton 122 kiloqram 290,98 qram olan 944.559 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Cari ilin 11 ayında qanunsuz dövriyyədən götürülmüş 6 ton 719 kiloqram 31,413 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 269 milyon 290 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7766 nəfər cəlb edilib, həmin şəxslərdən 7567-si kişi, 199-u qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 89 xarici ölkə vətəndaşından ümumilikdə 695 kiloqram 092,048 qram və 1990 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 590 ədəd həb güclü təsir edən maddə və 568 ədəd (327 kiloqram 575 qram) narkotik tərkibli çətənə bitkisi götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 266 fakt aşkar edilmiş həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 29 kiloqram 595,76 qram və 8730 ədəd həb metadon, 95 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 90245 ədəd həb, 7631 ədəd kapsul və 1 kiloqram 517 qram güclü təsir edən maddə, 40,682 qram prekursor çıxarılıb.

Aşkarlanmış cinayətlərin 306-sı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 132 kiloqram 892,71 qram və 1270 ədəd metadon narkotik vasitə, 32 kiloqram 213,1 qram və 95 ədəd həb psixotrop maddə və 189,9 qram güclü təsir edən maddə müsadirə edilib. 3088 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 469 kiloqram 604,46 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 523, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 209, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 149, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 100, digər növ cinayət faktların sayı 65, qrup halında olan cinayətlərin sayı isə 57 fakt azalıb. Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 168nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 466 kiloqram 653,751 qram artıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 81668 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2321 nəfərdən 1340 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 379, QİÇS-lə Mübarizə Mərkəzində 446, Sumqayıt Narkoloji Mərkəzində 173 nəfər) 990 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 11 ay ərzində İİV-ə 792 nəfər yoluxub. Onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4 faizi) İnyekson Narkotik İstifadəçiləri olub.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən carı ilin yanvar-noyabr ayları ərzində müvafiq istiqamətdə 112 maarifləndirici görüş, 39 təlim, 3 mədəni-kütləvi tədbir, 2 infotur,1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 veloyürüş və 1 marafon təşkil edilib.

“802” qaynar xətt telefon zəng xidmətinə 1125 vətəndaş müraciəti daxil olub ki, onların 202-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 384-ü narkotik asılılıqdan müalicə, 539-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 586 məktub ünvanlanıb. Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyə verilib.



Sosial həyat