Global Şərab Turizm Təşkilatının (GŞTT) rəhbəri Jose Antonio Vidal Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub. Səmimi keçən görüşdə ATMU rektoru İlham Mədətov, turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev və adıçəkilən kafedra əməkdaşları iştirak ediblər.
Universitetin başlıca hədəflərinə aydınlıq gətirən rektor, eyni zamanda, Strateji Yol Xəritəsi, şərab marşrutları, Şamaxıda yüksək səviyyədə keçirilən “Şərab festivalı”ndan danışıb. Azərbaycanda şərabçılığın inkişafını şərtləndirən amillər sırasında ixtisaslı kadr hazırlığının təşkilində ATMU-nun rolunu qeyd edib.
Universitetin mehmanxana və restoran biznesi kafedrasının müdiri N.Quliyev müvafiq ixtisas tələbələrinə qastronomiya və şərabçılıq turizmi, şərab və qıcqırtma məhsullarının istehsal texnologiyası fənlərinin tədris edildiyini, praktik dərs-məşğələlərin vaxtaşırı Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutunda keçirildiyini bildirib.
GŞTT rəhbəri Vidal təşkilatın fəaliyyətində şərab istehsalı üzrə ixtisaslaşan regionların tanıdılması, müvafiq tədbirlərin təşkili, o cümlədən şərab destinasiyası təbliğinin əks olunduğunu diqqətə çatdırıb. Görüş çərçivəsində yeni proqramların işlənməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, turizm kurslarının təşkili, adıçəkilən təşkilat tərəfindən planlaşdırılan tədbirlərdə ATMU əməkdaşlarının yaxından iştirakı məsələləri müzakirə olunub.
J.A.Vidal Uruqvayda mart ayında keçiriləcək tədbirdə iştirakçılar arasında ATMU nümayəndələrini də görəcəyinə əminliyini bildirib.
Z.HÜSEYNOVA
XQ