Türkiyədə təsis olunan “Heydər Əliyev təqaüdü” proqramı ictimaiyyətə təqdim edilib

post-img

Dekabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən olan tələbələr üçün təsis olunan “Heydər Əliyev təqaüdü” layihəsi ictimaiyyətə təqdim edilib.

 Ulu Öndəri Heydər Əliyevin anım tədbirləri çərçivəsində keçirilən təqdimetmə mərasimində Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV və QHT nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, TDT-nin Baş katibinin müavini Sədi Cəfərov, İbn Haldun Universitetinin rektoru Atilla Arkan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, dünyaşöhrətli azərbaycanlı alim Məsud Əfəndiyev bu təqaüd proqramının Türk dövlətləri birliyi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Çıxışçılar təqaüdün Ulu Öndər Heydər Əliyev adına təsis olunmasının xüsusi məna kəsb etdiyini, bunu dahi şəxsiyyətin Türk birliyi üçün atdığı addımların davamı kimi qiymətləndiriblər.

Sonra tədbir əsnasında təşkil olunan, Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Türkdilli dövlətlər arasında həmrəyliyə töhfə vermək və akademik fəaliyyətin artırılması məqsədilə təsis edilən təqaüd proqramı Azərbaycanın İstanbuldakı Baş konsulluğu ilə Türkiyənin İbn Haldun Universitetinin əməkdaşlığı əsasında ərsəyə gəlib. Layihə çərçivəsində hər il TDT-yə üzv və müşahidəçi ölkələrin hər birindən təhsil məqsədilə Türkiyəyə gələn bir tələbəyə təqaüd veriləcək.







Sosial həyat