Sorğu: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?

post-img

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh perspektivləri ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə əhali arasında mütəmadi sorğular keçirib. Cari ilin noyabr ayı üzrə keçirilmiş növbəti rəy sorğusunun nəticələrinə əsasən, "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?" sualına respondentlərin 78,5 faizi "bəli, dəstəkləyirəm", 20,2 faizi "xeyr, dəstəkləmirəm" cavabını verib. 1,3 faiz rəyini bildirməkdə çətinlik çəkib.

Nəticələrə görə, respondentlər arasında yaş artıqca sülhə dəstəyini ifadə edənlərin sayında artım qeydə alınıb. Orta təhsillilərin 74,1 faizi, ali təhsillilərin 86,9 faizi sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edib.

"Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına nə dərəcədə inanırsınız?" sualına cavab olaraq, 37,2 faizi tam inandığını, 29,7 faizi əsasən inandığını bildirib. Sorğuda iştirak edənlərin 9,7 faizi əsasən inanmadığını, 21,5 faizi heç inanmadığını ifadə edib. 1,8 faiz cavab verməkdə çətinlik çəkib.

Respondentlər arasında kişilərin 42,8 faizi, qadınların 31,6 faizi yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağına tam inandığını, onların 27,3 faizi və 32,1 faizi əsasən inandığını bildirib. 

Yaş artıqca sülh müqaviləsinin imzalanacağına inamını ifadə edənlərin sayında artım qeydə alınıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat