Ailə zorakılığına heç bir halda yol verilməməlidir, yoxsa? – Rəy sorğusu

post-img

Gender əsaslı zorakılıq dünyada qlobal səviyyədə aktuallığını saxlayan sosial problemlərdən biridir. Ölkə əhalisinin ailədə zorakılıq fenomeninə ümumi münasibətini öyrənmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən həyata keçirilən telefon sorğusunda respondentlərə iki mühakimə təqdim edilib, onlardan yalnız birini seçmək təklif olunub. Bu mühakimələr “Ailə münasibətlərində heç bir halda zorakılıq/şiddət tətbiq etmək olmaz” və “Ailədə bəzi hallarda zorakılığın tətbiqi qaçılmazdır” kimi səsləndirilib. 

Sorğu könüllü iştirak əsasında 18 yaşdan yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Rəyi soruşulanların 77,1 faizi ailədə heç bir halda zorakılığın tətbiqini qəbul etmədiyi halda, 21,9 faizi bəzi hallarda bunun qaçılmaz olduğunu düşünür. 1.0 faizi isə sualı cavablandırmaqda çətinlik çəkir. Cavabların demoqrafik göstəricilərə görə bölgüsü maraqlı tendensiyaları üzə çıxarır. 

Genderə görə bölgüyə əsasən, ailədə bəzi hallarda zorakılığın tətbiqini qaçılmaz hesab edənlər arasında kişilər  qadınlardan təqribən iki dəfə çoxdur. Onların 30,2 faizi bu cavabı seçdiyi halda, qadınlar arasında analoji göstərici 14,6 faizdir. Heç bir halda qəbul etməyənlər isə kişi respondentlərin 67,6 faizi, qadın respondentlərin 85,4 faizdir.

Qeyd edək ki, ailə vəziyyətinə görə boşanmış kateqoriyasına aid olan respondentlər arasında müəyyən hallarda ailədə zorakılığı məqbul hesab edənlərin faiz göstəricisi digər qruplara nisbətən yüksəkdir (42,9 faiz). Bu fikirlə ən az razılaşanlar isə dul respondentlər arasındadır (14,3 faiz)  və məhz bu qrupda heç bir halda ailədə zorakılığı məqbul hesab etməyənlər  ən çox faiz göstəricisinə malikdir (85,7 faiz). Ailədə zorakılığın yolverilməzliyi fikri ilə  az razılaşma faizi isə boşanmış respondent qrupundadır.

Yaşayış yerinə görə bölgüdən aydın olur ki, bəzi stereotiplərə baxmayaraq, kənd və şəhər tipli yaşayış yerlərindən olan respondentlərin ailədə zorakılığa münasibəti demək olar ki, oxşardır. Kənd yerlərindən olan respondentlərin 78,6 faizi ailədə heç bir halda zorakılığı tətbiq etməyi yolverilməz hesab edərkən, şəhər yerlərində bu göstərici  78,1 faizdir. Zidd fikirlə isə, yəni bəzi hallarda zoraklığın yolverilən olması ilə kənd yerlərində 18,3 faiz, şəhər yerlərində isə 21,9 faiz razılaşıb. Kənd tipli yaşayış yerlərindən olan respondentlərin 3,2 faizi cavab verməkdə çətinlik çəkib. Diqqət çəkən məqam odur ki, suala məhz qəsəbə tipli yaşayış yerindən olan respondentlərin cavabları digərlərindən əhəmiyyətli dərəcədə seçilir. Belə ki, onların 66,7 faizi ailədə zorakılığı yolverilməz hesab etdiyini bildirdiyi halda, 33,3 faizi zorakılığı bəzi hallarda qaçılmaz hesab edir.

Yaşa görə bölgüdə məişət zoraklılığına ən dözümsüz münasibət yaşı 65-dən yuxarı olan respondentlərə aiddir. Onların 96,2 faizi heç bir halda zorakılığın yolverilən olmadığını qeyd edib. Bu yaş kateqoriyasında respondentlərin heç biri ikinci mühakiməni seçməyib. Zorakılığa dözümsüzlük üzrə yüksək faiz göstəriciləri  həm də yaşı 18-25 və yaşı 56-65 olan iki demoqrafik qruplara aiddir. Birincilərin 83,6 faizi, ikincilərin isə 84,5 faizi zorakılığı yolverilməz hesab edir. Ailədə zorakılığın yolverilməz olduğunu ən az seçənlər 36-45 yaşlı respondentlərdir. Onların cəmi 68,9 faizi bu cavabı verərkən, 31,1 faizi bəzi hallarda ailədə zorakılığın qaçımazlığını qeyd ediblər. Məşğuliyyət növlərinə gəldikdə isə, ailədə zorakılığın tətbiqinə ən çox dözümsüzlük evdar qadınlar, tələbələr və təqaüdçülər arasındadır.

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat