Laçın şəhərində Zəfər Günü münasibətilə silsilə proqramlar çərçivəsində keçirilən tədbirlər maraqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bayraq Meydanından start götürən hərbçilərin Bayraq yürüşü orkestrin müşayiəti altında keçirilib. Yürüşə həmçinin rəsmi şəxslər və Laçın sakinləri də qoşulub.
Laçın şəhərinin Seyrəngah adlı ərazisinə qədər davam edən yürüş başa çatdıqdan sonra tədbirin rəsmi hissəsi başlayıb. Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Bakı Abadlıq” MMC-nin rəsmiləri, Laçın sakinləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi sükutla anılıb.
Orkestr ifaları, müsabiqələr və uşaqlar üçün təşkil edilən şou maraqlı anlara səbəb olub. Müsabiqə qalibləri isə qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Zəfər Günü tədbiri Laçın şəhər bulvarında təşkil edilən konsert proqramı ilə davam edib. Tanınmış müğənnilərin ifaları, aktyorların çıxışları izlənilib. Konsert proqramı laçınlılar tərəfindən alqışlarla qarşılanıb.
Axşam ssatlarında isə Seyrəngah adlı məkanda laçınlılar üçün bayram ziyafəti təşkil olunub.
10:41
Laçın şəhərində Zəfər Günü münasibətilə Bayraq yürüşü keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Bakı Abadlıq” MMC-nin rəsmiləri, Laçın sakinləri, hərbçilər, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edirlər.
Bayraq meydanından başlayan yürüş Seyrəngah adlı əraziyə qədər davam edəcək.
Sonra Seyrəngahda bədii hissə nəzərdə tutulub. Həmçinin Laçın bulvarında bayram konserti olacaq.