Oktyabrın 18-də Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) tədbir keçirilib.
Tədbirdə AHİK-in rəhbər işçiləri, üzv təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanın dövlətçilik ənənələrindən, xalqımızın işğalçılara qarşı tarixən apardığı azadlıq mübarizəsindən, Ulu Öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
O qeyd edib ki, Şərqdə ilk demokratik respublikanı da 1918-ci ildə bizim xalqımız yaradıb. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verib, irqi, milli, dini bərabərsizliyi aradan qaldırıb, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququ tanınıb.
“Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində gördüyü strateji işlərin əsasını müstəqil yaşamağı bacaran, özünü hərtərəfli təmin edə bilən Azərbaycana nail olmaq təşkil edirdi. Bununla o, müstəqilliyə gedən yolun təməlini qoymuş oldu. Ulu Öndərin müstəqilliyimizin qorunması üçün gördüyü misilsiz işləri, xidmətləri yüksək qiymətləndirən Səttar Möhbalıyev Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq davam etdirdiyini vurğulayıb. Deyib ki, ölkəmiz hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır.
“Artıq üçrəngli bayrağımız Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda, Xocalıda dalğalanır. Dövlətimizin başçısı İlham Əliyevə bu misilsiz xidmətlərinə görə, sonsuz təşəkkürlər edirik”, - deyə AHİK sədri vurğulayıb.
Tədbirdə çıxış edən Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Musa Mirzəyev, Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov və Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Vaqif Bədəlov Azərbaycanın müstəqillik tarixindən, Ulu Öndərin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışıblar.