Xankəndidən olan 95 yaşlı Aytəki nənə: Ömrümün son çağlarında doğma yurdumu görmək istəyirəm

post-img

Xankəndi çox gözəl yerdir, Azərbaycanımızın ayrılmaz hissəsidir. Doğma elimin gözəl günlərini unutmamışam, amma həm də acı xatirələri ilə yaşamışam...

Bu sözləri Xankəndinin 95 yaşlı sakini Aytəki Hüseynova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib.

Aytəki Hüseynova 1928-ci ildə Xankəndidə dünyaya göz açıb. 1949-u ilə qədər valideynləri və iki bacı, bir qardaşı ilə Xankəndidə yaşayıb. O, 1949-cu ildə Füzuli rayonuna gəlin köçüb. Sonrakı illərdə də tez-tez Xankəndiyə gedib-gəlib. Bildirir ki, Xankəndinin həm ən gözəl günlərini görüb, həm də ermənilər gələndən sonra ən çətin, əzablı-əziyyətli günlərinin şahidi olub.

"Yadımdadır, İkinci Dünya müharibəsi illərində Xankəndidə ipək fabriki inşa edildi. O dövrdə ermənilər şəhərə kütləvi şəkildə gəldilər. Əksəriyyəti də həmin fabrikdə işləməyə başladı. Hökumət onlara ev verəndən sonra, ermənilər daha da çoxaldı. Amma əvvəllər bizim yerlərdə erməni demək olar çox az olub. Elə çətin günlərimiz də ermənilər gələndən sonra başladı. Hətta qucaq açdığımız ermənilər bizləri öz doğma yurd-yuvamızdan didərgin salmağa çalışırdılar. Bunun üçün təzyiqlər etməyə başladılar. Alış-veriş üçün mağazalara gedəndə belə, azərbaycanlıları döyür, təhqir edərək qovurdular. Xankəndidə yataqxana var idi, həmin yataqxananın qabağında 3 azərbaycanlının üzərinə neft töküb yandırmışdılar. Həmin vaxt qətlə yetirilən qadının adı Zərif idi, mənimlə bir sinifdə oxumuşdu. Bu əməli törədənlər insan ola bilməz. Belə çox çətin günlərimiz olub Xankəndidə” – deyir Aytəki nənə.

Nəhayət, uzun illərin yurd həsrətinə son qoyuldu. Hər bir azərbaycanlı kimi, Aytəki nənə də hədsiz sevinc içindədir. Vaxtilə işğal altında olan ərazilərimizdə indi üçrəngli bayrağımız dalğalanır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən gün Xankəndidə bayrağımızı qaldırması ilə onun uzun illərdir gözlədiyi arzusu da yerinə yetmiş oldu: “Xankəndinin doğma sakinlərinə qayıdacağı günü inamla gözləmişəm. Ötən gün Prezidentimiz Xankəndiyə səfər etdi, oradan xalqa müraciətinə baxanda ürəyim təskinlik tapdı. Canımız bu bəladan xilas oldu. Ali Baş Komandanımız və ordumuz üçün o qədər dua etmişəm ki, onların sayəsində mənim yurdum, doğulduğum vətən ermənilərdən azad olunub. İndi əsas arzum ömrümün son çağlarında Xankəndini görməkdir. Doğma yurduma yenidən getmək, o yerləri bir daha görmək istəyirəm”.

Sosial həyat