Hüquq və İnsan Haqları İnstitutu Sumqayıt şəhərində hüquqşünaslar üçün növbəti təlim keçirib

post-img

Sentyabrın 28-də Hüquq və İnsan Haqları İnstitutu Avropa Şurasının dəstəyi və Sumqayıt Apellyasiya Məhkəməsinin təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda təlim keçirmişdir. Təlimdə ədliyyə qurumlarının, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, mediatorlar, həmçinin Vəkillər Kollegiyasının üzvləri olmaqla, ümumilikdə 30 hüquqşünas iştirak edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev tədbiri açaraq AİHK maddələri üzrə keçirilən bu cür təlimlərin hüquqşünasların praktiki fəaliyyəti üçün çox faydalı olduğunu vurğulayıb. 

 İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlimçi-ekspertlərə və müxtəlif dövlət qurumlarının hüquqşünasları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yaradılmış şəraitə və səmimi münasibətə görə təşəkkürünü bildirib. Sədr institutun fəaliyyət istiqamətləri barədə, həmçinin görüləcək işlər və qarşıda duran hədəflərlə bağlı təlim iştirakçılarına ümumi məlumat verib.  M.Quluzadə eyni zamanda  Avropa Məhkəməsinin ölkəmizə qarşı çıxardığı qərarlar, eyni zamanda Sumqayıtla əlaqəli statistikasını iştirakçılarla paylaşıb. 

Daha sonra təlimçi-ekspert  Vüsalə Muradxanlı “AİHK-in 6-cı maddəsi: mülki-hüquqi aspekt” mövzusunda geniş təqdimat ilə çıxış edib. 

Hüquq eksperti Vəfaddin İbayev təqdimatında Azərbaycana qarşı qəbul olunmuş qərarlarda aşkar edilmiş pozuntular və onların aradan qaldırılması yolları, məhkəməyə müraciət hüququ, məhkəmə prosesində tərəflərin bərabərliyi, məhkəmə proseslərinin çəkişmə prinsipi mövzusunda ümumi şərhlər verib. 
Müzakirələr zamanı məhkəməyə çatımlılıq, prosessual tələblər, “cinayət ittihamı” anlayışı, təqsirsizlik prezumpsiyası (maddə 6.2), müdafiə hüququnun təminatı (maddə 6.3), Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular müzakirə olunaraq iştirakçıların sualları təlimçi-ekspertlər tərəfindən cavablandırılıb. Mövzu ətrafında kazusların həlli qrup şəklində işlənilib. 

Sonda təlimdə iştirak edənlərə sertifikatlar verilib.

XQ













Sosial həyat