Paytaxt şəhidləri dərin ehtiramla yad etdi
27 Sentyabr – Anım Günündə paytaxtın bütün qurumlarında – nazirliklərdə, idarə və müəssisələrdə, təhsil və mədəniyyət ocaqlarında Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda qurban getmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib. Keçirilən toplantılarda və şəhid məzarlarının ziyarəti mərasimlərində tarixi Zəfərlə bitən Vətən müharibəsinin qəhrəmanlıq tariximizdə ən şərəfli və mükəmməl savaş olduğu vurğulanıb.
Yeni Azərbaycan Partiyası
Anım Günündə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının məsul əməkdaşları, Gənclər Birliyinin üzvləri, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Saat 12:00-da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra YAP nümayəndələri Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri düzüb, qəhrəman Vətən övladlarını dərin hörmət və ehtiramla anıblar.
Müdafiə Nazirliyi
Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Nazirliyin şəxsi heyətləri şəhidlər xiyabanlarını ziyarət ediblər.
Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, Vətən müharibəsinə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, qəhrəman oğullarımızın igidlik və şücaət nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışıblar.
Anım Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb. Nazir Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Həmin gün müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Nazirliyin rəhbərliyi və bir qrup şəxsi heyəti parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri qoyublar.
Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi Anım Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında mərasim keçirib.
Daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində, o cümlədən cari ilin 19–20 sentyabr tarixlərində Qarabağ ərazisində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şərəfli döyüş yolu keçdiyini vurğulayıb.
Mərasimdə şəxsi heyətin Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən məruzəçi torpaqların azad olunması zamanı 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını, 4 nəfərin “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə əməkdaşın isə orden və medallarla təltif olunduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, ölkə baçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımız və polis əməkdaşları bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəmirlər.
Ədliyyə Nazirliyi
Anım Günü ilə bağlı Ədliyyə Nazirliyində və struktur qurumlarda tədbirlər keçirilib. Ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olub, parkın girişində xatirə daşının önünə gül dəstələri qoyublar.
İkinci Fəxri xiyabanda torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın məzarları ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb, o cümlədən şəhid ədliyyə işçisi Ruhin Xəlilovun xatirəsi anılıb, nazirlikdəki barelyefi önünə gül səbəti qoyulub.
Tədbirdə qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək onların xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.
Dövlət Sərhəd Xidməti
Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti əvvəlcə İkinci Fəxri xiyabanı, sonra Hərbi Qənimətlər Parkını ziyarət edib.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azadlığı uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. DSX aparatında keçirilən tədbirdə tariximizin ən böyük sərkərdəsi, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğu, 44 gün davam edən Vətən müharibəsinin xalqımızın parlaq Qələbəsi ilə başa çatdığı, tarixi Zəfərimizin təmin edildiyi vurğulanıb.
Mərasimdə torpaqlarımızın azad edilməsi uğrunda aparılan haqq savaşında Silahlı Qüvvələrin, o cümlədən Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığının yaddaşlardan silinməyəcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasının daim uca tutulacağı bildirilib.
Dövlət Təhlükəsizliyi Xidməti
Anım Günü ilə bağlı Bakı Bələdiyyə Teatrı Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa səhnələşdirib.
DTX-nin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə nümayiş etdirilən, Azərbaycan xalqının məruz qaldığı soyqırımı və digər faciəvi hadisələrdən bəhs edən tamaşa qonaqların böyük marağına səbəb olub.
SHXÇDX
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və xidmətin rəhbər heyəti də İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri düzülüb və şəhid ailələrinə dərin ehtiram ifadə edilib.
Konstitusiya Məhkəməsi
Dünən Konstitusiya Məhkəməsinin hakimləri və aparatın məsul əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Sonra Anım Günü ilə bağlı tədbir keçirilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev diqqətə çatdırıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısının alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks-hücum əməliyyatı nəticəsində uzun illər düşmən işğalı altında olan torpaqlarımız azad edilib. 44 gün ərzində Qələbə qazanmağımız ilk öncə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “Dəmir yumruq” kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşməsinin nəticəsi idi.
Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsinin bugünlərdə Qarabağda da bərpa olunmasının ulu öndər Heydər Əliyevin 100 illiyinə təsadüf olması isə rəmzi xarakter daşıyır.
AMEA
AMEA Rəyasət Heyəti və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Anım Günü münasibətilə “Böyük zəfərdən tam və qəti qələbəyədək” adlı elmi konfrans keçirilib.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun rəşadəti, xalq və dövlətin birliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu söyləyib. Bildirib ki, bu Qələbə xalqımızın və ordumuzun gücünü, birliyini, mübarizliyini bütün dünyaya sübut edib. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur.
Ədəbiyyat Muzeyi
Dünən Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Anım Günü ilə bağlı tədbir keçirilib.
Muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, Azərbaycan təqvimində bu gün şəhidlərimizin anma günüdür. Respublikamızın dörd bir yanında İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi yad edilir. Natiq diqqətə çatdırıb ki, 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi ermənilərin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Bu Zəfər savaşında minlərlə əsgər və zabitimiz qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Xalqımız həmişə öz qəhrəman oğulları ilə fəxr edir.
Mərkəzi kitabxana
Azərbaycan Milli Kitabxanasında da 27 Sentyabr Anım Günü ilə bağlı mərasim keçirilib.
Kitabxananın direktoru, professor Kərim Tahirov üç il əvvəl sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın ayağa qalxaraq, canı, qanı bahasına torpaqlarımız uğrunda gedən haqq mübarizəsindən danışıb.
Kərim Tahirov Vətən müharibəsində savaşımızda çoxsaylı şəhidlər verildiyini, bu günümüzə görə onlara borclu olduğumuzu, yüz illər keçsə də, Azərbaycan xalqının heç vaxt öz şəhidlərini unutmayacağını, onların xatirələrinin ehtiramla yad ediləcəyini, onlar haqqında yazılan kitabları təbliğ etməyin Milli Kitabxananın vəzifəsi olduğunu söyləyib.
Ali məktəblər
Bakı Dövlət Universitetinin kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Ali məktəbin kollektivi Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə əklil və gül dəstələri qoyub. BDU-nun 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
BDU-da Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilib. Elmi Kitab-xana “27 Sentyabr - Anım Günü” adlı kitab sərgisi təşkil edib.
***
Anım Günündə Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi Vətən uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış məzun və tələbələrinin məzarlarını ziyarət edib, onların ailələrinə baş çəkib.
Rektor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti Bakı şəhəri, II Fəxri xiyabanda şəhid Əsəd Əsədlinin, Ülvi Hacıyevin, Mixail Həmidovun və Teymur Məcidzadənin məzarı önünə əklil və gül dəstələri düzərək, onların əziz xatirələrini dərin ehtiramla yad ediblər. Bakı, Abşeron, Sumqayıt, Ağdaş, Sabirabad, İsmayıllı, Qəbələ, Biləsuvar, Qax, Ağstafa və Gədəbəyə ezam olunan fakültə və struktur rəhbərləri, tələbə təşkilatlarının sədrləri, müəllim və tələbələr şəhid məzarlarını ziyarət ediblər.
Anım Günü münasibətilə UNEC-in 47 şəhid məzun və tələbəsinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksi də ziyarət olunub. Abidə kompleksinin önünə əklil qoyularaq, şəhidlərin əziz xatirəsi anılıb.
***
Anım Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və universitetin müvafiq struktur rəhbərləri Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
Universitet kollektivi parkın girişində xatirə daşının önünə gül dəstələri qoyub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.
***
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.
Şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önündə keçirilən anım tədbirində şəhid ailələri, qazilər, müharibə iştirakçıları, universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. Rektor Gülçöhrə Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən danışıb.
***
Azərbaycan Texniki Universitetində də Anım Gününə həsr olunan tədbir keçirilib.
İştirakçılar əvvəlcə universitetin Şəhidlər abidəsinin qarşısında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini anıblar.Mərasimdə AzTU-nun rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı, tarix elmləri doktoru professor Anar İsgəndərov, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, bu təşkilatın idarə heyətinin üzvü Əhliyyət Mehdiyev, Vətən müharibəsi iştirakçısı Elşad Təhməzov və digər şəxslər çıxış ediblər.
***
Azərbaycan Dillər Universitetində Anım Günü ilə bağlı tədbir keçirilib. Mərasimdə universitetin əməkdaşları, müəllimlər və tələbələr iştirak ediblər.
Rektor Kamal Abdulla 27 Sentyabrın Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğunu deyib: “Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam olaraq bərpa edib. Bu, böyük tarixi uğurdur və gələcəkdə Azərbaycanın daha parlaq və işıqlı bir dövlət kimi mövcudluğunun təminatçısıdır. Bu tarixi hadisə dünya xalqlarına çatdırılması və Azərbaycanın haqq işinin hər kəsə məlum olması baxımından önəmlidir. Biz şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu borcu öz işimizdə, layiqli xidmətimizlə göstərməliyik. İnanıram ki, hər birimiz bu böyük arixi günün əhəmiyyətini və məsuliyyətini dərk edib Azərbaycanın daha da inkişaf etməyinə təkan verəcəyik”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova Anım Günü ilə əlaqədar paytaxtın bir sıra ümumi təhsil müəssisələrində olub, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüblər
Görüş iştirakçıları öncə təhsil müəssisələrində şəhidlərin xatirəsinə yaradılmış guşələri ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Paytaxtdakı 226 nömrəli tam orta məktəbdə şəhid anası, təhsil müəssisəsinin direktoru Arzu Məmmədova ilə görüşən M.Vəliyeva 27 sentyabrın Azərbaycanın müasir tarixindəki rolundan danışıb. Bildirib ki, bu tarix nəinki 30 illik işğala son qoyulduğu, eyni zamanda, ermənilərin xalqımıza qarşı tarixi düşmənçilik siyasətinə layiqli cavabın verildiyi gündür.
Bakı Metropoliteni
Bakı metropolitenində iş günü şəhidlərimizin xatirəsinin anım mərasimi ilə başlanıb.
“Nərimanov” elektrik deposunda “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivinin nümayəndələri 20 Yanvar və Vətən müharibəsinin metropolitençi şəhidlərinin abidəsini ziyarət ediblər. Mərasimdə 2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə yaşayış məntəqələrini və hərbi mövqeləri atəşə tutmasına cavab olaraq, hücumların qarşısının alınması məqsədilə əks-hücum əməliyyatlarının başlanması və bunun nəticəsində cəmi 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsi qeyd olunub.
Hazırladı:
T.RÜSTƏMLİ
XQ

