Tarix Muzeyində qəhrəman şəhidlərimizin xatirəsi anılıb

post-img

Milli Azərbaycan Tarixi Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər və muzey əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov xalqımızın qürur qaynağı olan Vətən müharibəsindən, tarixi zəfərimizdən, torpaqlarımızın azad edilməsində xüsusi xidmətləri olmuş şəhidlər və qazilərimizin göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb. O, şəhid və qazilərimizin şəxsi əşyalarının muzeyin Vətən müharibəsi fondunda qorunduğunu, tarixi qələbəmizi əks etdirən bu materialların öyrənilməsi və təbliği istiqamətində bir sıra işlərin görüldüyünü xüsusi vurğulayıb. 

Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı şəhid ailələrinin üzvlərini və qaziləri salamlayaraq, xalqımızın daima onlara borclu və minnətdar olduğunu bildirib. Akademik N.Vəlixanlı ölkəmizin bu şanlı tarixinin əbədiləşdirilməsi istiqamətində muzeyin gördüyü işlərdən də danışıb.

Sonra Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin ailə üzvləri - şəhid baş gizir, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova, şəhid baş leytenant Mahmud Məlikovun atası Təhmasib Məlikov, şəhid polkovnik leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədova, şəhid kapitan Samir Mikayıllının əmisi oğlu Ülfət Sultanov, qazi Pərvin Şahməmmədov tədbirdə çıxış edərək, müharibə zamanı onların keçdikləri döyüş yolları, qazanılan möhtəşəm Zəfər haqqında öz təəssüratlarını ilə bölüşüblər. 

Qonaqlar muzeyin Vətən müharibəsi fondunda qorunan şəhid və qazilərin şəxsi əşyaları ilə yaxından tanış olublar və əşyaların qorunmasında xüsusi xidmətlərinə görə muzeyin rəhbərliyinə və əməkdaşlarına təşəkkür ediblər.

Sonda xatirə fotosu çəkilib.

Anar ƏLİ,
XQ

Sosial həyat