Xocavənd rayonunun turizm potensialı çox genişdir. Rayonun ərazisində tarixi və təbiət abidələri, körpülər, eyni zamanda məşhur Azıx mağarası, Tağlar mağarası yerləşir. Burada həm də tarixi keçmişi olan qədim Tuğ kəndi var. Tuğda və ətraf ərazilərdə ölkə və dünya əhəmiyyətli arxeoloji abidələrin olması arxeoloji turizmin inkişaf etdirilməsinə böyük imkanlar yaradır. Eləcə də rekreasiya turizmi – istirahət və müalicə məqsədilə həyata keçirilən səyahətdir ki, turizmin bu növünün inkişaf etdirilməsi üçün xeyli imkanlar var. Tuğ kəndi həm də qədim şərabçılıq mərkəzidir və şərabçılıq turizminin inkişafı üçün geniş imkanları var.
Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyir:
– Ağdam və Füzuli ilə müqayisədə Xocavənd rayonu ciddi şəkildə dağılmayıb. Onun turizm potensialı geniş və çoxşaxəlidir. Xüsusilə Tuğ kəndi daha çox turist cəlb edə bilər. Tuğun tarixi memarlıq üslubunu saxlamaqla burada mədəni turizmi, zəngin təbiətindən istifadə etməklə ekoturizmi inkişaf etdirmək mümkündür. Onun aqroturizm potensialı da böyükdür.
Tarixən, şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə də məşhur olub. İndi burada şərabçılıq ənənələri inkişaf perspektivləri ilə birləşərək Qarabağ şərablarına yeni nəfəs verəcək, yerli və xarici turistlərin bölgəyə marağını artıracaq. Tuğ şərabçılıq turizminin mərkəzi olacaq ki, bu da ölkəmizə yetərincə dividentlər gətirməklə iqtisadiyyatına müsbət təsir edəcək.
– Deməli, turistləri cəlb etmək üçün əsas istiqamətlərdən biri də Tuğ kəndində şərab turizminin inkişaf etdirilməsidir.
– Artıq bu istiqamətdə addımlar atılır. Tuğ kəndinin ərazisindəki şərab zavodunun bərpası nəzərdə tutulur. Bu zavodda işğal dövründə, hər il 60 min şüşə "Kataro" şərab istehsal edilib, erməni məhsulu kimi satışa çıxarılıb. Ermənilər bu markanı, əsasən, Rusiya bazarı üçün istehsal ediblər. Bir sözlə işğal dövründə sərvətimizi talan ediblər, hətta hər il “Şərab turu” adlı turist səfərləri də təşkil olunub. Artıq o günlər geridə qalıb. İkinci Qarabağ müharibəsi zamanı Tuğ kəndinin yerləşdiyi ərazi işğaldan azad edilib, öz sahibinə qayıdıb.
Zavod isə yenidən pərpa edilir. Bu məqsədlə müasir turizm konsepti tətbiq ediləcək. Belə ki, bura yalnız şərab istehsal edilən yer deyil, həmçinin Tuğ bölgəsində tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək. Kompleksin tərkibində müxtəlif tədbir və festivalların keçirilməsi üçün çoxtəyinatlı məkanlar olacaq. Şərabçılar öz məhsullarını satmaq, təcrübə mübadiləsi aparmaq, şərablarını tanıtmaq üçün imkanlar qazanacaq.
– Yəqin ki, şərab istehsalı üçün əsas üzüm sortu kumi məşhur “Xindoqnı”dən istifadə ediləcək?
– Turistlərə təqdim olunan şərab əsasən Qarabağın məşhur “Xindoqnı” üzüm sortundan hazırlanacaq. Artıq bu üzüm sortu bərpa olunub və müasir üsullarla öyrənilir. Bununla əlaqədar olaraq Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarına, fermer və ev təsərrüfatlarına baş çəkərək “Xindoqnı” üzüm sortunu müəyyən ediblər. Əkin materialı tədarük etmək üçün davamlı tədqiqatlar həyata keçirilib. Müəyyən edilib ki, bu sort respublikamızda 9,2 ha sahədə əkilib-becərilir ki, onun da 7 ha Tuğ kəndindədir. Vaxtilə bu sortdan yüksək keyfiyyətli müxtəlif növ şərablar istehsal edilib. Bu şərablar nəinki respublikada, hətta xarici ölkələrdə də məşhur olub. Yenidən ondan istifadə etməklə respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazası yaradılacaq, muxtəlif növ şərablar istehsal olunacaq. Onlar özünəməxsus dadı və ətri ilə seçiləcəklər.
Zavod işə düşdükdən sonra Tuğa gələn turistlərə tam orqanik şərab təqdim olunacaq. Onlar şərabı birbaşa zavodda dada, istehsal prosesini izləyə, üzüm bağlarını gəzə, şərab festivallarında iştirak edə və yerindəcə bəyəndikləri şərabı ala biləcəklər.
Bundan başqa, onlara üzümün hansı şəraitdə yetişdiyini, necə qulluq edildiyini isləmək, üzüm yığımında iştirak etmək üçün şərait yaradılacaq.
Yəni Tuğ şərabçılıq turizminin mərkəzinə çevriləcək. Bu turizm növü bizim üçün yeni olsa da, Avropada artıq populyarlaşıb. Milyonlarla turist İtaliya, Fransa, İspaniya, Gürcüstandakı şərab festivallarına gedir, üzüm yığır, şirəsini çıxarmaq üçün onu həvəslə tapdalayır, həmin yerə məxsus şərabı dadır və alır. Ölkələr bundan yaxşı gəlir əldə edirlər.
Zəngin şərabçılıq tarixi olan, milyonlarla ton istehsal edən ölkələrlə rəqabət etmək üçün bizə vaxt lazımdır. 4 illik nəticə isə göz qabağındadır: bizim şərablar bəyənilir və Azərbaycan brendi tanınır. Xatırladım ki,Tuğ kəndində 58,2 ha, üzüm bağları mövcuddur.
– Tuğa turistləri cəlb etmək üçün ciddi təbliğat işi aparılmalıdır. Bu sahədə vəziyyət nə yerdədir?
– Tuğda şərabçılığın qədim tarixi, ənənələri var. Bu səbəbdən düzgün təbliğat və təqdimat bacarığı çox vacibdir. Reklam işi də düzgün təşkil edilməlidir. Bu istiqamətdə ciddi işlər görülür. Gələcəkdə şərab yarmarkaları çərçivəsində Tuğ şərabları xarici istehlakçılara tanıdılacaq. Bununla yanaşı, Tuğ kəndi Qafqaz şərab marşrutuna (“İter Vitis Qafqaz” şərab marşrutu) daxil ediləcək. Bu marşrutda Azərbaycanla yanaşı Gürcüstan, Rusiya Federasiyasının Krasnodar vilayəti də var. Marşrut çərçivəsində Tuğa səfərlər təşkil ediləcək. Turistlərə üzümün emalı və bütün texnoloji proseslər nümayiş olunacaq, onlara yerli növlərin və şərab istehsalının tarixi haqda informasiyalar veriləcək, sonra şərabları dadacaqdır. Bundan başqa, Tuğa şərab turları da təşkil olunacaq. Bu turlara qoşulanlar məhsulu bağdan yığmaqdan tutmuş şərabın dadına baxmağadək bir çox şans əldə edəcəklər. Üzüm və Şərab Festivalları da gələcəkdə Tuğun şərabçılıq turizminin inkişafında rolu olacaq.
Həmçinin burada qonaqlar şərabçılıqla əlaqəli qədim eksponatlarla tanış ola biləcəklər. Dequstasiya zalları təşkil etmək, şərablarımızı təbliğ etməklə turistləri mütəmadi ora aparmaq olar. Həmin dequstasiya zallarına gələn turistlər yaxşı gəlir gətirəcək.
Müxtəlif turlarda iştirak edən turistlə bu yolla ziyarət etdikləri məkanlardan aldıqları təəssüratlarıla öz rekreasiya tələbatlarını təmin etmiş olacaqlar. Vətənlərinə qayıtdıqdan sonra isə tanışları, qohumlarına səfərləri barədə məlumat verəcəklər. Bunun özü bir təbliğatdfır.
İnanıram ki, Tuğda turistlər yüksək peşəkarlıqla qarşılanıb yola salınacaq. Onlara asudə vaxtlarından səmərəli istifadə etmək üçün hər cür şərait yaradılacaq.
– Ziyarətçilər gəzinti zamanı təbiətin şərabla mükəmməl uyğunlaşdığı məkanda şərabın dadına baxa bilərlər. Amma onlar bununla yanaşı bir rahatlıq da istərlər. Hasırda Tuğda bərpa işləri nə vəziyyətdədir?
– Tuğun tarixi hissəsində ilkin turizm infrastukturunun yaradılması istiqamətində işlər aparılır. Müxtəlif obyeklərin layihələndirilməsi işləri həyata keçiririlir. Kəndin girişində avtodayanacaq, digər zəruri turizm infrasturukturlarının yaradılması, turizm informasiya mərkəznin, kulnariya mərkəzinin, eyni zamanda iaşə obyektlərinin qurulması nəzərdə tutulur.
Artıq mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər. Kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada tikiləcək və bərpa ediləcək binaların ümumi sahəsi 3200 kvadratmetr olacaq.
Yerüstü parkinq sahəsinin də yaradılması nəzərdə tutulub. Bu ərazilərə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. İnzibati mərkəzdə tikinti-bərpa işlərinin gələn ilin martında başa çatdırılması nəzərdə tutulur.
Beləliklə, Tuğ cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür.
Ə.PÜNHAN
XQ
Hadrut