Səyyar görüşdə məsələ qaldırdılar, dərhal həll olundu…

post-img

Alpout kəndində keçirilən səyyar qəbuldan heç bir həftə də keçməyib. Amma rayon icra hakimiyyəti başçısının burada keçirdiyi növbəti qəbulda sakinlərin qaldırdıqları problemlərin bir çoxu artıq həll olunub.

Məsələn, həmin görüş zamanı sakinlərin Alpout kəndindən Göyəzən dağına gedən 2,2 kilometr uzunluğu olan avtomobil yolunun təmirə ehtiyacı olduğu bildirilmişdi. Bu və digər  müraciətləri  icra hakimiyyətinin başçısı Rəcəb Babaşov dərhal nəzarətə götürmüş və müvafiq qurumların rəhbərlərinə tapşırıqlar vermişdi.

Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 kilometr aralıda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Hündürlüyü cəmi 250 metr olsa da qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər. Zirvəsi nisbətən düzən olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddibürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilmişdir.

…İndi Alpout kəndinin sakinləri çox sevdikləri və müqəddəs ocaq saydıqları Göyəzən dağına daha rahat gedib gələ biləcəklər. Onların xahişi ilə yolda aparılan cari təmir işləri buna imkan verəcək.

Kənd sakinləri adamların arzu və istəklərinə biganə qalmadıqları üçün ölkə rəhbərliyinə razılıqlarını bildirirlər.

Hamlet QASIMOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri,
Qazax rayonu





Sosial həyat