Dünyanın ən gözəl peşələrindən biri

post-img

Artıq üçüncü onillikdir ki, müstəqil Azərbaycan Respublikası görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi, iqtisadi, mədəni kursla inkişaf edir. Bugünkü Azərbaycan həqiqətən də tarixdə ən güclü dövrlərindən birini yaşayır. Sosial-iqtisadi inkişafla yanaşı, 44 günlük müharibə zamanı qazanılan tarixi Qələbəmiz də bunu bir daha sübut etdi. 

Dövlətçiliyin möhkəmləndirilməsi yolunda son illər görülən böyük işlər həm də milli mət­buatımızda öz əksini tapır. Yazılı və elektron medianın, sosial şəbəkələrin genişləndirilmə­si, KİV-in maddi-texniki bazasının modern-ləşdirilməsi və gücləndirilməsi, fikir azadlığının bərqərar olması demokratik inkişaf baxımın­dan mühüm addımlardandır. Mətbuatın normal fəaliyyətini təmin etmək üçün ölkə rəhbərliyi tərəfindən zəruri qanunvericilik bazasının ya­radılması, KİV-ə dövlət dəstəyini əks etdirən mühüm qərarların qəbulu media üçün sərbəst fəaliyyət mühiti formalaşdırmağa yönəlib. 

Hələ 25 il əvvəl Prezident Heydər Əliyevin fərmanı ilə mətbuat üzərində senzura fəaliyyə­tinin ləğvi ulu öndərin milli mətbuatın inkişafı naminə atdığı tarixi addımlardan biri idi. Məhz senzuranın ləğvindən sonra görülən digər analoji tədbirlər müstəqil mətbuatımızın inkişa­fına, Konstitusiya ilə təsbit olunmuş söz, məlu­mat və fikir azadlığının təmin edilməsinə şərait yaratdı. Müstəqil mətbu orqanların sayı sürətlə artmağa başladı. Bəzi beynəlxalq qurumların məqsədli və qərəzli iddialarının əksinə olaraq, Azərbaycanda mətbuat azadlığı yüksələn xət­lə inkişaf etdi. 

Təbii, bu yolda problemlər, həllini gözləyən məsələlər də ola bilər və var. Ancaq bütün dünyada demokratiya fasiləsiz və ardıcıl pro­ses olduğu kimi, mətbuatın inkişaf dinamikası da daimi və davamlı mahiyyət kəsb edir. Bu dinamikada müəyyən problematika mümkün­dür. Məsələn, jurnalist peşəkarlığı, peşə etika­sı, mədəni ünsiyyət və davranış normalarına riayət və s. Ancaq bütün bunlarla hər ölkə­nin mediası rastlaşır, çünki, o, canlı, daima hərəkətdə olan mexanizm formasıdır. Əsas odur ki, mətbuata münasibətdə niyyət xoş ol­sun! 

İmperiyadan qurtulan müstəqil Azərbaycan özünə qapanıb qalmadı, beynəlxalq aləmlə ünsiyyət, xariclə mütəmadi təmaslar dövlət siyasətinin tərkib hissəsi kimi ardıcıl davam etdirildi. Bu isə mətbuatın da üzərinə ciddi öhdəliklər qoydu. Ölkəmizin dünyada tanıdıl­ması, xalqın adət-ənənələrinin, ümumbəşəri mahiyyət kəsb edən dəyərlərinin geniş arealda təqdimatı... Bunlar uzun zaman dəmir pərdələr arxasında qapalı qalan Azərbaycanın həqiqət­lərinin dünyaya yayılması baxımından mühüm faktorlardır. Elektron KİV-in, xüsusən müasir dövrün tələbi olan internet resurslarının, sosial media qaynaqlarının vasitəsilə bu proses daha səmərəli və sürətli mahiyyət kəsb edir. Odur ki, mətbuatda çalışan yüksək mədəniyyətli, dərin mənəviyyatlı, geniş intellektli, dövlətçilik və vətənpərvərlik əxlaqına malik peşəkar jurna­listlərin fəaliyyətinə ehtiyac böyükdür.

Əlbəttə, unutmayaq ki, zaman-zaman mət­buat sahəsində fərqli mənzərələrin də şahidi ol­muşuq. Demokratiya, əslində, mədəni, savad­lı, qabiliyyətli, tərbiyəli, yetkin şüurlu insanların yaşam sistemi olsa da, bir ara köntöy, savad­sız və bacarıqsız adamların demokratizmdən daha şövqlə “bəhrələnməyə” çalışdığını gör­müşük. Belələri məsələnin mahiyyətinə var­madan demokratiyanı “hüdudsuz sərbəstlik”, “qoruq-qadağasız” sahə kimi qavramaqla cə­miyyətdə az qala “anarxiyaya” rəğbət aşılayıb. Total nəzarətsizliyə rəvac verən, tənəzzülə aparan bu yol, əlbəttə, məqbul sayıla bilməz... Müdrik şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə yenidən idarəetmə sükanı arxasına keçməklə xalqı, Vətəni, dövləti həmin “anarxiya” uçurumundan xilas etdi. 

Hər şey müqayisədə daha aydın göründü­yü üçün, indi ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın, asudə mühitin qədir-qiyməti daha yaxşı bilinir. Cəmiyyətin aynası olan mətbuatın maarifçilik, dövlətçilik, vətənpərvərlik, informa­tivlik, demokratizmə xidmət vəzifələri ilə yana­şı, həm də müstəqillik yolumuzun keşməkeşli tarixi məqamlarını da nəsillərə xatırlatmaq, ta­nıtmaq, yaddaşlarda yaşatmaq missiyası var. Və müasir mətbuatımız məhz bu missiyanı şərəflə daşımağa borcludur! 

Dünyanın ən gözəl peşələrindən biri olan jurnalistika xalqa həqiqətləri bildirən, həm də xalqın haqq sözünü deyən, ictimai rəyə və şüurlara təsir göstərən unikal fəaliyyət növü­dür. Demokratik idarəçilik mətbuata xüsusi imtiyaz və səlahiyyətlər verdiyi kimi, onun üzə­rinə əlavə məsuliyyət də qoyur. Bu məsuliyyət peşə etikasına riayət etməyi, peşə ləyaqətini yüksək tutmağı zəruri edir. Milli mətbuatımızda bu məsuliyyətin vicdanlı daşıyıcıları olan iste­dadlı qələm adamları çoxdur. 

Ümumiyyətlə, peşəsinin elementar prin­siplərinə riayət etmək hər bir sahədə vacibdir. Ancaq mətbuat kimi həssas sferada bu amil xüsusilə mühümdür. Peşə etikası prinsiplərinin əsas baza müddəalarından biri - obyektivlikdir. Jurnalistin peşə borclarından biri də müxtəlif nəzər nöqtələrini obyektiv, dəqiq və qərəzsiz halda işıqlandırmaqdan ibarətdir. Mətbuatda tənqid hədəfi olan tərəfə cavab haqqı tanımaq obyektivliyin, peşəkarlığın göstəricisidir. Əgər hər hansı səbəbdən mediada texniki səhv, dəqiq olmayan ifadə, yanlış məlumat yayılıb­sa, onun təkzibi və üzr istənilməsi peşə etikası çərçivəsində normaldır. Bu hal mətbu orqana başucalığı gətirir, ona inamı artırır. Tərəfkeş­lik etmək, təqsirsizlik prezumpsiyasını poz­maq, xəbərə şəxsi prizmadan subyektiv şərh vermək kimi “cəlbedici” məqamlar peşəkar jurnalist amalına uyğun deyil. Hələ onu de­mirik ki, müəyyən təmənna ilə, yaxud maddi maraq naminə haqsızlıq edərək bilərəkdən tənqid, təhqir yazmaq, şər, böhtan xarakterli mətni çapa, yaxud ekrana, efirə vermək nəinki peşəkarlıq baxımından məqbul deyil, həm də hüquqi məsuliyyətdir. Əslində, özünü mötəbər sayan mətbu orqan nə qədər “qaynar xəbər” əldə etsə də, informasiyanı bir-neçə mənbə­dən yoxlamadan, tam dəqiqləşdirib düzgünlü­yünə əmin olmadan yaymaz. 

Sevindirici haldır ki, Birinci Qarabağ mü­haribəsindən fərqli olaraq, İkinci Qarabağ müharibəsi dövründə cəbhədə baş verənlə­rin işıqlandırılmasında ölkəmizin əksər mətbu orqanları və qələm adamları məhz bu “qızıl” qaydaya riayət etdi, ümummilli mənafeyə sa­diq qaldı, Vətənə xidmət yolunu tutaraq, öz nüfuzunu və mötəbərliyini qorudu. 

Bir ağrılı məqam barədə. Nədənsə bəzilə­rinin anlayışında əgər kimsə “yaxşı intizamlı, çalışqan məmurdursa, deməli, heç də yaxşı adam deyil”; yaxud kim “dövlətə sədaqətlə xidmət edirsə, deməli, xalqdan uzaqdır”; kim “iqtidardadırsa, deməli, bizdən deyil, yaddır”; yaxud kim “hökumət işində çalışırsa, demə­li xalqı, dövləti, Vətəni yox, cibini güdür” və s. Bu, əlbəttə, reallıqla tam adekvat olmayan stereotip, şablon qəlibdir, qəribə trafaret an­layışın təzahürüdür. Nəzərə almaq lazımdır ki, reallıqla heç də həmişə üst-üstə düşməyən belə absurd “stereotiplər” sadəlövh, yanlış və gülünc olmaqla, həm də səviyyə və savadca bir o qədər də yüksək olmayan müəyyən qism insanların şüuruna pozucu təsir göstərə bilər. 

Alim, müəllim, jurnalist, yazıçı, mühəndis, həkim və s. peşəsinə baxmayaraq, əsl ziyalı üçün peşə etikası, ilk növbədə, vətəndaşlıq, dövlətçilik mövqeyindən çıxış edərək həqiqəti danışmaqdır, obyektiv və prinsipial olmaqdır, öz fəaliyyəti ilə cəmiyyətin mədəni tərəqqisi, xalqın maariflənməsi naminə çalışmaqdır. Yal­nız Vətənə, xalqa və dövlətə xidmət edən, cə­miyyətdaxili norma və prinsiplərə riayət edən, dəqiq, qərəzsiz, obyektiv, mədəni və etikalı jur­nalist (yaxud media orqanı) tamaşaçı, dinləyi­ci, oxucu auditoriyasının hörmətinə və inamına nail olmaqla nüfuz qazana bilər.

Hər bir peşəkar jurnalist özünün çətin, şərəfli fəaliyyətini məhz deyilən məqbul etik prinsiplər üzərində qurmaqla, xalqın və dövlə­tin mətbuata ayırdığı xüsusi diqqətə, hörmətə, qayğıya yaradıcı əməyi ilə cavab verə bilər. 

 

Akif ƏLİ,
Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist

Sosial həyat