Folklor İnstitutunun  əməkdaşları Tərtərdə erməni vəhşiliyinin izlərini bir daha gördülər

post-img

Tərtər Rayon İcra Hakimiyyəti və AMEA Folklor İnstitutunun  təşkilatçılığı ilə görkəmli ictimai xadim, ədəbiyyatşünas, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda respublika elmi konfransı  keçirildi. 

Konfrans iştirakçılarını qarşılayan Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon haqqında məlumat verdi və bildirdi ki, 44 günlük Vətən müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Rayonun infrastrukturuna böyük ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil, 10 tibb və 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5 min 344 fərdi yaşayış evinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. 

    Sonra Tərtər Rayon İcra Hakimiyyəti binasının akt zalında konfransın açılışı keçirildi. Müstəqim Məmmədov tədbiri açaraq qeyd etdi ki, “Heydər Əliyev İli” çərçivəsində silsilə olaraq rayonda Ulu Öndərin xatirəsinə həsr edilmiş tədbirlər keçirilir. Bu tədbir də Ulu Öndərin qoyduğu ənənələrə söykənir və böyük şəxsiyyət Firidun bəy Köçərliyə dərin ehtiramımızın ifadəsidir.  

    Giriş nitqi ilə çıxış edən AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu konfransın Qarabağda keçirilməsinin əhəmiyyətindən  danışaraq söylədi ki, Firidun bəy Köçərli Azərbaycan humanitar fikrinin inkişafında, onun  ideya istiqamətlərinin müəyyənləşməsində danılmaz rolu olan böyük tənqidçi, ədəbiyyatşünas alim və pedaqoqdur. Firidun bəy Köçərli   ilk Azərbaycan ədəbiyyatı tarixinin yazılmasında, uşaq ədəbiyyatının təməlinin qoyulmasında, ədəbi-tənqidi fikrin formalaşmasında mühüm addımlar atıb.

İnstitutun əməkdaşları professor Ramazan Qafarlı, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru Mətanət Abbasova, filologiya elmləri doktoru Leyla Məmmədova, dosentlər  Qalib Sayılov, İlhamə Qəsəbova, Elçin Abbasov elmi məruzələrlə çıxış etdilər.  

      Konfrans bitdikdən sonra iştirakçılar qədim tarixi olan Tərtər rayonu ilə tanış oldular,  Dövlət Rəmzləri Muzeyini,  Mərkəzi Meydanı, Şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”nı ziyarət etdilər, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ucaldılmış qondarma, saxta  “Marağa 150” abidəsinin qalıqlarına baxdılr. 

AMEA Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova müxbirimizə bildirib ki,  Tərtərin erməni vəhşiliyinə şahidlik etmiş torpağı da, dağ-daşı da, dağıdılmış evləri də tarixə şahidlik edirlər. Tərtər sakini  Sahib İsmayılovun Vətən müharibəsində ermənilər tərəfindən dağılmış evinə baxmaq ürəkağrıdıcı idi. Hazırda həmin ev muzeyə çevrilib. Evin arxa tərəfində qadağan olunmuş “smerç” raketi tarixi fakt olaraq saxlanılır.  

Xatırladaq ki, qəhrəmanlar şəhəri Tərtərdə AMEA-nın Folklor İnstitutu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ikinci dəfədir ki, respublika elmi konfransı keçirilir. 

 

“Xalq qəzeti”







Sosial həyat