Naxçıvanda yeni sosial-iqtisadi mühit formalaşacaq

post-img

Hazırda ayrı-ayrı regionlar miqyasında daha dayanıqlı və davamlı gələcək qurulması istiqamətində iqtisadi artımın sürəti, onun keyfiyyəti və başlıca təkanverici amillərinin hərəkətə gətirilməsi həmin bölgələrin inkişaf gündəliyində duran əsas məsələlərdir. Bununla belə, dayanıqlı inkişafın iqtisadi, sosial və ətraf mühit komponentlərinin ahəngdar inkişafı sahələrində standart yanaşmalar mövcud deyildir. Ona görə də tarazlı inkişaf yolunun müəyyən edilməsində hər bir bölgənin spesifik və coğrafi xüsusiyyəti nəzərə alınmalıdır.

2020-ci ildə 44 günlük Vətən mü­haribəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütöv­lüyümüzün bərpası ilə yaranmış yeni reallıq Orta Dəhlizin inkişaf perspek­tivlərini gündəmə gətirməklə, Zəngə­zur dəhlizinin açılmasını zəruri etmiş və Naxçıvan Muxtar Respublikasının tranzit potensialını genişləndirmişdir. Azad edilmiş ərazilərdə həyata ke­çirilən genişmiqyaslı tikinti-qurucu­luq işləri və tətbiq olunan güzəştlər, həmçinin Zəngəzur dəhlizi vasitəsilə bu ərazilərin Naxçıvan Muxtar Res­publikası ilə nəqliyyat əlaqələrinin qurulması perspektivi analoji güzəşt­lərin muxtar respublikada da tətbiqinə imkanlar yaradır. Hazırda bu imkan­lardan istifadə edərək Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial ri­fah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilmə­si istiqamətlərində işlərin yeni key­fiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə so­sial-iqtisadi inkişafın sürətləndirilmə­si və davamlılığının təmin edilməsi zəruridir. Bu isə, mütəmadi olaraq, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur. 

Dövlət Proqramının məqsədi da­vamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqti­sadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqra­siyasını təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün 2023–2027-ci illər üçün 11 prioritet is­tiqamət müəyyən olunmuş və Döv­lət Proqramının həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamət­lər üzrə qruplaşdırılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi poten­sialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafının sürətləndiril­məsi ilə bağlı tədbirlər sözügedən prioritet istiqamətlər nəzərə alınmaq­la gerçəkləşdiriləcəkdir. Şərqlə qərbi birləşdirən ən qısa yollardan birinin Naxçıvandan keçməsi, onun coğrafi əhəmiyyətinin başlıca şərtidir. Zəngə­zur dəhlizinin açılması isə Naxçıvan­da azad iqtisadi zonanın yaradılması şanslarını daha da artırır.

Dövlət Proqramının əsas hədəf göstəriciləri dayanıqlı inkişafın tə­min olunması; məşğulluq imkan­larının artırılması əhalinin həyat səviyyəsinin yüksəldilməsi; təbii ehtiyatlardan səmərəli istifadə edil­məsi; ətraf mühitin mühafizəsinin tə­min olunmasıdır. İnkişafa dair digər dövlət proqramlarından bir fərqi isə Proqram daxilində GZİT təhlilin yer­ləşdirilməsidir. GZİT təhlil əsasında “Güclü tərəflər”in verdiyi üstünlük və “İmkanlar”ın yaratdığı fürsətlər­dən bəhrələnərək “Zəif tərəflər” in­kişaf etdiriləcək və “Təhlükələr”in mümkün neqativ təsirləri minimuma endiriləcəkdir. Naxçıvanın əlverişli coğrafi mühitini nəzərə alsaq, ilk pri­oritetlərdə nəzərdə tutulan AİZ lərin yaradılması Naxçıvan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. 

Burada azad iqtisadi zonanın yaradılması ticarət və logistika im­kanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyini artıracaq və iqtisadiy­yatın inkişafına əhəmiyyətli töhfə verəcəkdir. Bu proqramların icrası istiqamətində görülən işlər Naxçıvan­da rəqabətqabiliyyətli məhsul isteh­salının genişləndirilməsinə, müxtəlif təyinatlı infrastruktur obyektlərinin yaradılmasına, yeni iş yerlərinin açıl­masına və əhali rifahının daha da yax­şılaşdırılmasına xidmət edir. 

Proqramın mühüm istiqamətlə­rindən əsas hissəsi sahibkarlığa döv­lət dəstəyinin gücləndirilməsi təşkil edir. Bu istiqamətdə görülən işlər muxtar respublikada sahibkarlığın inkişafı üçün əlverişli biznes mü­hitinin formalaşmasına səbəb olur. Sahibkarlığın inkişafının stimullaşdı­rılması, öz növbəsində, yeni istehsal sahələrinin yaradılması və müxtəlif iş yerlərinin açılması yolu ilə əhali məşğulluğunun təmin olunması ilə nəticələnəcək. Zəngəzur dəhlizi açıl­dıqdan sonra Qarabağ və Şərqi Zən­gəzur iqtisadi rayonlarının əhalisi ilə Naxçıvan Muxtar Respublikasının əhalisi arasında qarşılıqlı ticarət və səfərlər üçün imkanlar yaranacaq, güzəştlərin quru yolu ilə Azərbaycan Respublikasının digər bölgələrindən edilən səfərlərə tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaqdır. 

Həyata keçiriləcək tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məş­ğulluğun və ixracın artmasına, yerli istehsalın maya dəyərinin azalması­na və əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, habelə Naxçıvan Mux­tar Respublikasının Azərbaycanın di­gər bölgələri ilə işgüzar əlaqələrinin güclənməsinə kömək edəcəkdir. Xa­rici dövlətlərlə sərhəddə yerləşməsi nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasında vergi və gömrük güzəştləri müəyyən edilməklə rəqa­bətqabiliyyətli ticarət qovşağının ya­radılması bölgədə investisiya mühi­tinə müsbət təsir edəcək. 

Digər prioritetlərdən biri ixrac yönlü sənayenin inkişafıdır. İxrac­yönlü sənaye sahəsində müasir tex­nologiyaların tətbiqi ilə məhsuldar­lıq artacaq, istehsal olunmuş sənaye məhsullarının keyfiyyəti yüksələcək, həmçinin yeni iş yerləri yaradılacaq­dır.

Naxçıvanda mövcud olan əlve­rişli təbii şərait aqrar sektorun inki­şafı üçün mühüm zəmin yaradır. Bu istiqamətdə göstərilən dövlət dəstəyi­nin həcminin ildən-ilə artması kənd təsərrüfatını sosial-iqtisadi həyatın aparıcı sahələrindən birinə çevirir. Kənd təsərrüfatının inkişafını şərt­ləndirən amillərdən biri də daimi su mənbələrinin olmasıdır. Meliorasiya və su təsərrüfatının hərtərəfli inkişa­fı sosial-iqtisadi fəaliyyətin başlıca istiqamətlərindən birini təşkil edir. Dövlət proqramında da bu istiqamət­də tədbirlər müəyyənləşdirilmişdir.

Müasir dövrün aktual strateji məsələlərindən biri də enerji təchiza­tıdır. Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, alternativ enerji mən­bələrindən istifadəyə geniş imkanlar açır və bu enerji mənbələrinin sayı ildən-ilə artmaqdadır. Naxçıvandan Türkiyəyə çəkiləcək enerji xətti Nax­çıvanın yaşıl enerji ixrac imkanlarını daha da genişləndirəcək və bölgə­nin enerji potensialının artırılmasına müsbət təsir göstərəcək. Naxçıvan Muxtar Respublikasının enerji siste­minin Avropa Elektrik Ötürmə Sis­temləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması üçün tədbirlər görülməsi Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalı və ixracı potensialını artıracaq, bu isə ölkənin əlavə enerji gücləri hesabına dünya bazarına (Tür­kiyəyə və Avropaya) elektrik enerjisi satmaq imkanlarını və alternativlərini genişləndirəcəkdir.

Eyyub KƏRİMLİ, iqtisadçı-ekspert





Sosial həyat