Aprelin 29-u Beynəlxalq Baytar Həkimi Günüdür

post-img

Aprelin 29-u Beynəlxalq Baytar Həkimi Günü Azərbaycanda da baytar həkimlərinin peşə bayramı kimi qeyd olunur.

Beynəlxalq Baytar Həkimi Günü hər il aprelin son şənbə günü qeyd edilir və həmin gün 2000-ci ildə Ümumdünya Baytarlıq Assosiasiyası tərəfindən təsis olunub. Beynəlxalq Baytar Həkimi Günü dünyada baytarlıq işlərinin müxtəlif aspektlərini önə çəkmək, həmçinin heyvanların sağlamlığına və rifahının yaxşılaşdırılmasına töhfələr vermək məqsədilə keçirilir.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, respublikamızda baytar həkimlərin fəaliyyəti yüksək qiymətləndirilir və baytarlıq sahəsinin inkişafı istiqamətində mühüm işlər həyata keçirilir. Təsadüfi deyil ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərdiyi 5 il ərzində heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində bir çox uğurlar əldə edib. Həmin dövrdə respublikamızın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad status alması üçün zəruri tədbirlər görülüb. Ölkədə ilk dəfə meşə zolağına helikopter vasitəsilə 600 kilometr məsafədə 18 min aldadıcı yem səpilərək vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün aidiyyəti qurumlarla birlikdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir. Eyni zamanda, baytarlıq nəzarətində olan yüklərin ixracı ilə bağlı ciddi uğurlar əldə edilib. Agentlik tərəfindən baytarlıq preparatlarının qeydiyyatı və idxalı prosedurları və baytarlıq müşahidəedici sənədlərinin verilməsi prosesləri tam elektronlaşdırılıb. Ölkədə fərdi baytarlıq xidməti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyata alınması elektron formada həyata keçirilir.

Həmçinin heyvan sağlamlığının təmin edilməsi və baytarlıq nəzarətinin həyata keçirilməsində laboratoriya sisteminin əhəmiyyəti nəzərə alınaraq, bu sahədə əsaslı işlər görülüb. Hazırda ölkə ərazisində heyvan xəstəliklərinin diaqnostikası və müayinəsi üzrə 8 laboratoriya fəaliyyət göstərir. Həmin laboratoriyalar dünyanın ən böyük şirkətləri tərəfindən təşkil olunmuş Beynəlxalq Peşəkarlıq Testlərində müxtəlif xəstəliklər üzrə iştirak edib və uğurlu nəticələr qazanıb.

Onu da bildirək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Azərbaycanda baytarlıq sistemlərinin qiymətləndirilməsi missiyası həyata keçirilib və ölkəmizdə həmin sistemin inkişafı müsbət xarakterizə olunub.

Sosial həyat