Ombudsman Tərtərdə mina partlayışı ilə əlaqədar dünya ictimaiyyətinə çağırış edib

post-img

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Tərtərdə baş vermiş mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması faktı ilə əlaqədar dünya ictimaiyyətinə çağırış edib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi mina terroru və azərbaycanlılara qarşı nifrət siyasəti günahsız insanların qətlə yetirilməsinə səbəb olmaqdadır.

Ombudsman dərin təəssüf hissi ilə diqqətə çatdırıb ki, bu il aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olub. Ermənistan 30 ilə yaxın bir dövr ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq insanların həyat və sağlamlığına zərər vermək məqsədilə yüz minlərlə mina basdırıb. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə 300-dək insan mina qurbanı olub, onlardan 54 nəfəri həyatlarını itirib. Lakin bütün bunlara baxmayaraq, Ermənistan nəinki ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir.

Belə ki, son dövrlər baş vermiş mina hadisələrinin araşdırılması zamanı yolun hərəkət hissəsi ətrafında Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş tank və piyada əleyhinə minaların aşkarlanması Ermənistanın postmüharibə dövründə təxribatçılıq siyasətini davam etdirməsinin növbəti sübutudur.

Dünya ictimaiyyətinin, əlaqədar beynəlxalq təşkilatların mina terroru ilə əlaqədar Ermənistana ciddi təsir göstərməməsi son dövrlərdə regionda bu kimi təxribat yönümlü, beynəlxalq humanitar hüquqa zidd hərəkətlərin intensiv xarakter almasına səbəb olmaqdadır.

Dəfələrlə tələb olunmasına baxmayaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin hələ də ölkəmizə təqdim edilməməsi nəticə etibarilə çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və əlilliyə gətirib çıxaran mina partlayışlarının baş verməsinə səbəb olur.

“Bununla əlaqədar bir daha dünya ictimaiyyətinə müraciət edərək, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olan Ermənistanın mina terrorunun aradan qaldırılması məqsədilə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə verilməsinə dəstək verməyə və beynəlxalq humanitar hüququn tələblərini pozmaqda davam edən Ermənistana qarşı təsirli tədbirlər görməyə çağırıram, - deyə ombudsman qeyd edib.

Sosial həyat