Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək

post-img

Qırğız Respublikasının dövlət katibi Suyunbek Kasmambetov və Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev Ümummilli Lider, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfransda iştirak ediblər.

AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabineti məlumat yayıb.

Dövlət katibi qeyd edib ki, Heydər Əliyevin yubileyi münasibətilə Qırğızıstanda onun həyat yoluna həsr olunmuş bir sıra tədbirlər, o cümlədən fotosərgilərin açılışı, sənədli filmlərin nümayişi, milli və diasporlararası konsert proqramlarının təşkili planlaşdırılıb və həyata keçiriləcək.

“Qırğızıstan və Azərbaycan çox qədim zamanlardan oxşar dilə, mədəniyyətə və ənənələrə malik qohum xalqlardır. Heydər Əliyevin Qırğızıstana xüsusi münasibəti həmişə hiss olunub. Biz “Manas”ın 1000 illiyi təntənələri zamanı beynəlxalq tədbirlərin təşkilində və keçirilməsində onun fəal iştirakını hələ də xatırlayırıq. Onun məsləhətləri və xoş sözləri bu tədbiri lazımi səviyyədə keçirməkdə bizə kömək oldu”, - deyə Kasmambetov bildirib.

Öz növbəsində, Nazirlər Kabineti sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əməkdaşlıq ildən-ilə genişlənir. Xüsusilə ötən il strateji tərəfdaşlıq çərçivəsində iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri təşkil olunub, bu səfərlər potensialın artmasına güclü təkan verib.

B.Torobayev deyib: “Liderlərin səfərləri çərçivəsində Qırğızıstan-Azərbaycan İnkişaf Fondu yaradıldı. Hazırda hər iki ölkə bu sazişin təsdiqlənməsi üzrə dövlətdaxili prosedurları başa çatdırıb və praktik olaraq fondun fəaliyyətinin başlanmasına hazırlaşırlar. Bundan başqa, Bişkekdə Hökumətlərarası Komissiyanın növbəti iclası və Qırğızıstan-Azərbaycan biznes forumu keçiriləcək. Mən möhkəm inanıram ki, bu cür əməkdaşlıq yalnız genişlənəcək”.

O əlavə edib ki, birgə səylər sayəsində Bişkek və Bakı arasında birbaşa aviaxəttin açılması planlaşdırılır.

“Yeni reysin açılışı iki xalq arasında həm dostluğu möhkəmlədəcək, həm də işgüzar münasibətlərin aktivləşdirilməsi üçün imkanlar yaradacaq”, - deyə Qazaxıstan Nazirlər Kabineti sədrinin müavini vurğulayıb.

Sosial həyat