Naxçıvanda şəhid ailələri və qazilərə Novruz töhfəsi

post-img

Novruz bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailəsi və qazilərlə görüşüblər. Sonra 3 şəhid ailəsinə, 5 qaziyə yeni mənzil, 12 qaziyə isə avtomobillər təqdim olunub.


Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını mənzil və avtomobillərlə təmin olunmaları, eyni zamanda qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq ölkəmizdə, eləcə də muxtar respublikamızda şəhid ailələri, qazilər və müharibə veteranları dövlətin qayğısı ilə əhatə olunublar. Görülən işlər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlət qayğısının əyani təzahürüdür.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırığı ilə ötən dövrdə ölkə üzrə müvafiq kateqoriyadan olan insanlara göstərilən xidmətlərdən danışıb. Nazir  bildirib ki, Naxçıvan Muxtar Respublikasında da müvafiq kateqoriyadan olan vətəndaşlar daim diqqət mərkəzindədir və bundan sonra da davamlı layihələr icra olunacaq.
Sonra mənzillərin orderləri və avtomobillərin açarları şəhid ailələrinə və qazilərə təqdim edilib. 
Mənzil və avtomobillə təmin olunan qazilər və şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

 

***


Qeyd edilən dövlət qayğısına uyğun olaraq Naxçıvanda imtiyazlı şəxslər avtomobillə, sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayışla, özünüməşğulluq proqramına cəlb olunanlar aktivlərlə təmin olunublar.
Mənzil və avtomobillərin təqdimatı mərasimində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak ediblər.
Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən ibarət 40 nəfər sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayışla təmin olunub. Əhalinin həssas qruplarından olan bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini qurmaq üçün mal və materiallar formasında aktivlər təqdim edilib.
Bildirilib ki, ötən dövrdə Naxçıvan MR-da şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 300 mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə isə 587 avtomobil təqdim edilib. 
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri çərçivəsində Naxçıvan şəhərində də DOST mərkəzi inşa olunur. 4 mərtəbədən ibarət mərkəzin inşasının bu il yekunlaşdırılması nəzərdə tutulur.


Səbuhi Həsənov,
“Xalq qəzeti”nin bölgə müxbiri

A-nax-xəbər-16-mart-2.jpg

Sosial həyat