Ağverəndə ilk: Bakı–İrəvan sülhünün rəmzi və əməli yönü

post-img

Yaxud ümidlərə işıq salan ikitərəfli görüş

AZAL-a məxsus təyyarə İrəvanın Zvarnots Beynəlxalq Hava Limanındadır. İllər əvvəl bu barədə danışmaq, sadəcə, mümkünsüz idi, yuxu kimi görünürdü. O yuxu ki, onun nə vaxtsa çin olacağı barədə bəlkə heç düşünülmürdü də.

Bəli, aprelin 29-da müstəqillik illərində ilk dəfə olaraq Azərbaycanın rəsmi nümayəndə heyəti Ermənistanda səfərdə oldu. Səfər zamanı Ermənistanın Ağverən bölgəsində hər iki ölkənin Baş nazirlərinin müavinləri – Şahin Mustafayevin və Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 13-cü iclası keçirildi. İclasda hansı məsələlər müzakirə edildi, bu barədə söz açacaq, müvafiq təhlillər aparacağıq. Hələlik isə...

ARAYIŞ: Ağverən İrəvan quberniyasının Novobayazid qəzasında kənd olub. O kənd 1950-ci ildə ləğv edilib. 1590 və 1728-ci ilə aid mənbələrdə isə onun adı Aqviran kimi göstərilib. Azərbaycan dilində ağ (rəng bildirir) və viran(ə) “xarabalıq” sözlərindən ibarətdir. Kəndin digər adı isə Kəbir-Əli, daha doğrusu, “Kəbir eli”dir və mənşəcə türk mənşəli xəzərlərin Kəbər tayfasına mənsub ailələrin “Ağ viranə” adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Nəzərə alaq ki, XVIII əsrin əvvəllərinə aid mənbələrdə İrəvan əyalətində Qaraviran, Qaraörən, Qaracaörən, Tülküviran, Həsənviran, Ortaviran və başqa kənd adlarına rast gəlinir.

Yeri gəlmişkən, ölkəmizin Laçın və Kəlbəcər rayonlarında da Ağverən toponimləri var. Yenidən Ermənistandakı Ağverənə diqqət yetirərək bildirək ki, 1949-cu ildə kəndin türk-müsəlman əhalisi Azərbaycana köçürülüb. Bundan əvvəl isə, yəni 1918-ci ildə Ağverənə Türkiyədən gəlmə haylar yerləşdirilib və beləliklə, ermənilərlə azərbaycanlılar kənddə birgə yaşayıblar.

Hesab edirik ki, məhz birgə yaşayış amili mühüm əhəmiyyət daşıyan iclasın məhz Ağverəndə keçirilməsi baxımından, kifayət qədər, tutarlı rəmzi anlam daşıyır. Yəni Azərbaycanın rəsmi nümayəndə heyəti Ermənistana ilk səfərini gerçəkləşdirir və danışıqlar hər iki xalqın nümayəndələrinin bir zamanlar birlikdə ömür sürdükləri bölgədə keçirilir. Deməli, keçmişin ənənələrinin bərpasının vacibliyi üzərində dayanılır. Digər tərəfdən, Ağverən hazırda Ermənistanın Kotayk vilayətində yerləşir və ölkənin tanınmış kurort və istirahət mərkəzlərindən biridir. Hər iki xalq müharibələrdən, qanlı qarşıdurmalardan bezib, artıq onlar rahat nəfəs almalı, dincəlməlidirlər. Növbəti rəmzi anlam da məhz bu sayıla bilər.

Bəli, Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin Ermənistana səfəri və bu zaman hər iki ölkənin müvafiq komissiyalarının iclasının keçirilməsi Bakı-İrəvan münasibətlərində müşahidə olunan praqmatik normallaşma və texniki institusionallaşma prosesini əks etdirir. Birincisi, tərəflər artıq siyasi bəyanatlardan daha çox praktik və texniki mərhələyə keçiblər. Nəinki keçiblər, o cümlədən bu mərhələni dolğunlaşdırmaqda israrlıdırlar. İkinci məqam kimi bilavasitə delimitasiya prosesinin fundamentallaşdırılması üzərində dayanmaq mümkündür. Nəzərə alaq ki, müstəqillik illərində Azərbaycan və Ermənistan arasında sərhəd olmayıb. SSRİ dövründəki sərhədə gəldikdə, onun xeyli dərəcədə şərti olduğu məlumdur. Elə eyni zamanda, buna görə də iclas zamanı 3 təlimatın razılaşdırılması irəliyə doğru atılmış mühüm addım sayılmalıdır. Söhbət ekspert qruplarının iş qaydasına, delimitasiya xəritəsinin hazırlanmasına və sənədlərin tərtibatı və nəşrinə dair təlimatlardan gedir.

Deməli, ümumən delimitasiya prosesi sistemli məcraya düşür, hüquqi çərçivəyə salınır və standartlaşdırılmış məzmun daşıyır. Başqa sözlə ifadə etsək, tərəflər sərhədi necə müəyyən etməkdən daha çox, müəyyənləşməni hansı qaydalarla aparma mərhələsindədirlər. Əlbəttə ki, bu, böyük irəliləyişdir.

Daha bir məqama nəzər salaq. İclasdakı müzakirələr onu göstərir ki, mövzu yalnız sərhəd məsələləri ilə məhdudlaşmır. Toplantıda bir neçə mühüm etimad elementi barədə söz açılır. Bu baxımdan tranzit daşımalarını, yəni Azərbaycan ərazisindən Ermənistana yüklərin çatdırılmasını – real əməkdaşlıq nümunəsini vurğulamaq mümkündür. İclasda, habelə, kommunikasiya xətlərinin açılması istiqamətində praktik addımlar diqqətə çatdırılır.

Digər məqam, belə demək mümkünsə, enerji əməkdaşlığıdır ki, indiki vəziyyətdə ölkəmizin Ermənistana neft məhsullarını tədarük etməsi həm iqtisadi münasibətlərin başlanğıcıdır, həm də qarşılıqlı asılılıq yaradan – ölkələri bir-birinə bağlayan faktordur. Bu onu göstərir ki, tərəflər siyasi dialoqu iqtisadi əməkdaşlıqla paralel aparır. Yəni sülh yolunda vaxt itkisinə yol verilmir. Əlbəttə, siyasi iradə faktoru önəmlidir. Heç şübhəsiz, iclas Azərbaycan və Ermənistan liderlərinin siyasi iradəsindən qaynaqlanır. Belə nəticəyə gəlmək olar ki, bütövlükdə Bakı-İrəvan sülh prosesi, necə deyərlər, yuxarıdan aşağıya idarə olunan trayektoriyaya malikdir. Bu isə, eyni zamanda, normallaşmadakı mümkün risklərin aradan qaldırılmasına son dərəcə böyük dəstək mahiyyəti daşıyır.

Risklərə gəlincə, delimitasiya xəritələri üzərində fikir ayrılıqlarının, daxili siyasi və mənəvi motivlərin mövcudluğu, xüsusən qarşıdan parlament seçkilərinin gəldiyinə görə Ermənistan hakimiyyətinə daxildəki revanşist və şovinistlərin təzyiqləri, habelə xarici aktorların təsiri üzərində dayanmağa dəyər. Məsələn, bu ay Niderland və Belçika parlamentləri yaydıqları qərəzli qətnamələrdə Azərbaycan və Ermənistan sərhədindəki durumu “gərgin” adlandırdılar, bildirdilər ki, guya hər an müharibə başlaya bilər. Haqqında söz açdığımız toplantıda müzakirəyə çıxarılan məsələlərin məzmunu onu göstərir ki, sülh prosesi bu sayaq, habelə barəsində söz açmadığımız digər neqativ ritorika və təmayüllərdən sığortalanmış durumdadır.

Ümumi nəticə budur ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın Ermənistanda, Ağverəndə keçirilmiş 13-cü iclası Bakı-İrəvan münasibətlərinin münaqişə mərhələsindən idarə olunan normallaşma mərhələsinə keçdiyini, sərhəd delimitasiyasının artıq real və geridönməz prosesə çevrildiyini, iqtisadi əməkdaşlığın siyasi prosesi dəstəkləyən əsas alətə çevrildiyini göstərdi.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət