Banqkokda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Tailand Krallığının Baş nazirinin müavini və xarici işlər naziri Sihasak Phuanqketkeov arasında görüş keçirilib.
XQ xəbər verir ki, bu barədə XİN-nin "X" hesabında paylaşım edilib.
Sihasak Phuanqketkeov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qarşılayıb.
Daha sonra tərəflər arasında ikitərəfli görüş başlayıb.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə ediblər.
Siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın olduğu vurğulanıb.
Həmçinin Azərbaycanın 2025-ci ilin dekabrında Tailandda səfirliyinin açılması və iki ölkənin XİN-ləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm mərhələ kimi qeyd olunub.
BMT-nin Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası kimi çoxtərəfli platformalarda əməkdaşlığın artırılmasının vacibliyi də diqqətə çatdırılıb.
Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövrü sülh gündəliyi, mina təmizləmə fəaliyyəti və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.
Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini və Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.

