III MƏQALƏ
Lider və cəmiyyət
TDT üzv ölkələrinin liderləri təşkilatın güclənməsi və bütövlükdə Türk dünyasının siyasi, geosiyasi, ideoloji, mədəniyyət (o cümlədən dil) sferaları üzrə yeni çağırışlar fonunda bütövləşməsi istiqamətində təqdirəlayiq fəaliyyətləri strateji əhəmiyyəti olan prosesdir. Çağdaş dünyada bu, davamlı və faydalı inteqrasiyanın (çox mənalarda) əsas motivəedici faktoru olmaqla yanaşı, digər vacib məsələni aktuallaşdırır. Biz burada TDT-nin lider-cəmiyyət qarşılıqlı legitim münasibətləri sistemini nəzərdə tuturuq. Onun üç aspekti baxılan mövzu kontekstində xeyli aktualdır.
Birincisi, TDT-yə üzvə olan hər bir dövlətin daxilində lider-cəmiyyət münasibətlərinin Türk dünyasının perspektivli birliyi istiqamətində sinerji yaratmaq potensialının reallaşma dərəcəsi.
İkincisi, üzv dövlətlərin daxili lider-cəmiyyət münasibətlərinin formalaşdırdığı sinerjiyi legitim qaydada təşkilatın ümumi sinerji sahəsinə çevirmək.
Üçüncüsü, lider-cəmiyyət münasibətlərini türk inteqrasiyasına xidmət edəcək məcraya yönəltmək üçün sosial şəbəkələrin (o cümlədən medianın hər bir növündən) funksiyalarından maksimum faydalanmaq.
TDT-nin yeni çağırışlar şəraitində güclənməsi kontekstində hər üç aspektin ayrılıqda və birgə əhəmiyyəti böyükdür. Ümumi halda bunu sosial, siyasi və mədəni identikliklərin vəhdətinin yaradılması prosesi kimi də təsəvvür edə bilərik. Bu müstəvidə biz, TDT-də medianın rolu məsələsi üzərində dayanaq.
Missiya və məsuliyyət
Müasir nəzəri təlimlərdə medianın missiyası geniş tədqiq edilməkdədir. Müxtəlif yanaşmalar mövcuddur. Onların sırasında medianın sosiumun bütün kəsimlərinə ciddi informasiya təsiri göstərmək və faktiki olaraq, ortaq rəy formalaşdırmaq (reallığa uyğun və ya uyğunsuz) imkanları xüsusi yer tutur.
Dezinformasiya həm də bu prizmada sosial kontekstdə neqativ anlam alır. Bütövlüyü və müstəqil informasiya məkanını saxlamaq üçün avtomatik olaraq cəmiyyətdə “dezinformasiyaya qarşı səmərəli mübarizə” məsələsinin aktuallığı strateji məna kəsb edir. O cümlədən bu məsələ TDT üçün prinsipial olaraq aktualdır. Bunların fonunda TDT-də ümumi media mənzərəsi necə görünür?
Belə təəssürat yaranır ki, TDT-yə üzv ölkələrinin medialarının ümumtürk birliyi yaratmaqda oynaya biləcəkləri səmərəli rol baxımından missiyaları ilə məsuliyyətləri arasında müəyyən uyğunsuzluq hələ qalır. Onun təzahürləri türk dövlətləri və cəmiyyətləri haqqında bir sıra hallarda ümumi məqsədə ziyan verə bilən informasiyaların yer alması və hətta onun üzərində “arqumentli və faktlı təhlil” aparılması cəhdlərini göstərmək olar.
Bu zaman, əksər hallarda “obyektiv və faktlı təhlillərin” açıqca hansısa kənar dövlətin maraqlarına xidmət etdiyi hiss edilir. Adətən üsul kimi türk ölkələrinin, dövlətlərinin və cəmiyyətlərinin müasir dövlətçilik kriteriyalarına cavab vermədiyi, toplumun ayrı-ayrı kəsimlərinin mənəvi-əxlaqi qüsurlarla dolu olduğunu təbliğ etməkdən istifadə edilir. Hətta cəmiyyətin elit sayılan təbəqələrinin dəyərlərinin (siyasi, ideoloji, mənəvi, əxlaqi və s.) aşağılanması hallarına rast gəlinir. Çox təəssüf ki, türk cəmiyyətlərində ailə modelinin təhrif olunmuş, qondarma, süni və aşağılanmış mənzərəsini yaratmaq cəhdləri özünü göstərir.
Burada bir düşündürücü məqamı da vurğulamaq lazımdır. Doğrudur, vurğuladığımız neqativ və dağıdıcı informasiya təsirləri hələlik aparıcı deyildir, lakin bu tendensiyanın qarşısının aidiyyəti qurumlar tərəfindən alınması ehtiyacının yarandığına inanırıq. Bu baxımdan TDT üzvlərində medianı müşahidə və ona nəzarət funksiyaları olan qurumlar üzərlərinə düşəni səmərəli yerinə yetirə bilirmi? Bizcə, bu suala cavab axtarışları əhəmiyyətlidir.
Başqa bir vacib saydığımız məsələni qeyd etmək gərəkdir.
Güclü və sivil türk dövləti obrazı
Cəmiyyətin maraqları və TDT-nin güclənməsi prizmasında “türk dövləti” anlayışının çağdaş tələblər kontekstində həm də “sivil dövlət” obrazının yaradılması olduqca əhəmiyyətlidir. Burada üç məqsədə nail olmaq mümkündür.
Birincisi, son bir neçə yüzildə türk dövlətçiliyinin davamlı olaraq neqativ obrazının müəyyən imperialist dairələr tərəfindən yaradılması prosesi qırılar.
İkincisi, hər bir türk dövlətinin özünə inamı daha da artar.
Üçüncüsü, avtomatik olaraq TDT-nin “sivil dövlətlərin təşkilatı” kimi inkişaf etdirilməsi ontoloji anlam (və zərurət) kəsb edər.
Deməli, hər bir türk ölkəsində media dövlətçilik baxımından strateji rol oynaya bilər. Buna görə də türk dövlətləri ilə bağlı informasiyalara və təhlillərə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Xüsusilə, Azərbaycan-Türkiyə münasibətlərinin ayrıca həssas olduğu unudulmamalıdır (hər iki ölkə mediasında). Çünki Türkiyə qlobal miqyasda söz sahibi olan türk dövləti səviyyəsindədir, Azərbaycan isə həm Türk dünyasının qəlbidir, həm də TDT-nin lideri!
Bundan başqa, Azərbaycan regionlararası miqyasda orta güc kimi xüsusi statusa malikdir. Bakının Türk dünyasını birləşdirəcək böyük potensialı və imkanları mövcuddur. Buna görə də Azərbaycan mövzusu türk dövlətlərində pozuculuqla məşğul olan bir sıra gizli servislərin, informasiya qurumlarının “gözlərinə tikan kimi batır”! Onların bu təxribatlarına getməməliyik.
Azərbaycanın hər bir dövlətlə, ilk növbədə, türk dövlətləri ilə münasibətləri bizim üçün həyati əhəmiyyətli məsələdir. Digər türk dövlətləri haqqında yadların ssenariləri üzrə neqativ informasiyalar yaymaq Azərbaycanın maraqlarına qətiyyən uyğun deyildir. Bu baxımdan bir sıra müğənni səviyyəsində adi məişət münasibətlərini “millətə olan münasibət” kimi təqdim etmək cəhdləri qəbul edilməzdir. Ucuz şouların dövlət və millət məsələlərinə sırınmağa çalışılmasının özü antimilli təxribatdır.
Bunların əvəzinə, media güclü və sivil türk dövləti obrazını daha dərin və geniş yanaşma əsasında formalaşdırmaq istiqamətində ciddi addımlar atmalıdır. Burada söhbət qətiyyən nə məddahlıqdan, nə də əsası olmayan ifrat tərəfkeşlikdən gedir. Əksinə, jurnalist etikası ilə sərbəstliyi və məsuliyyətinin optimal nisbətinin gözlənməsi önəmlidir.
Cəmiyyətin azadlığı ilə məsuliyyətinin güclü dövlətçiliyə xidmət müstəvisində sintezi, təbii ki, təkcə media mövzusunu əhatə etmir. Özlüyündə mürəkkəb və çoxaspektli olan bu proses xüsusi və geniş kontekstdə araşdırılmalıdır. Bu məqalədə ona imkan yoxdur.
Azərbaycan Prezidentinin ayrıca qeyd etdiyi türk dövlətlərinin vahid məqsəd ətrafında birləşməsi məsələsi isə bütün hallarda prinsipial strateji əhəmiyyət daşıyır və çox aktualdır.
TDT: vahid məqsəd naminə
Türk Dövlətləri Təşkilatının güclü olması struktur-funksional potensialını hansı dərəcədə reallaşdıra bilməsi ilə birbaşa bağlıdır. Bunun üçün onun bir təşkilat olaraq özəllikləri çox önəmlidir. Burada TDT-nin beynəlxalq münasibətlərdə iştirakı məsələsi öz aktuallığı ilə fərqlənir. Yəni hər hansı regional və ya regionlararası təşkilat beynəlxalq münasibətlərdə aktiv iştirak edə bilmirsə, o, “yeni regionalizm” adlanan və müasir geosiyasətdə ciddi rol oynayan regionlaşmaya uyğun sayılmır.
Lakin TDT sırf regional təşkilat deyildir – o, coğrafi olaraq Avropadan (Macarıstan, Türkiyə) başlayaraq, Qafqaz daxil olmaqla Mərkəzi Asiyanı əhatə edir. Əsas isə odur ki, TDT regional maraqlar naminə deyil, eyni etnik-mədəni identikliyə malik dövlətlər qrupunun qarşılıqlı faydalı əməkdaşlıq, sülh, təhlükəsizlik və digər sferalarda elə təşkilatlanmasını hədəfləmişdir ki, həm xalqların, ölkələrin rifahına, həm də qlobal geosiyasətin ədalətli olmasına ciddi töhfələr versin.
Bu anlamda TDT indi qəbul edilən “regionlaşma”dan da geniş anlamı olan təşkilatlanma üsuludur. Belə çıxır ki, TDT üçün “vahid məqsəd” anlayışı xüsusi substantiv və funksional anlam daşıyır. Azərbaycan Prezidentinin həmin məqama xüsusi önəm verməsi, əlbəttə, həm nəzəri, həm də praktiki olaraq böyük əhəmiyyət kəsb edir.
Vahid məqsəd məsələsi avtomatik olaraq ona nail olmanın əsas faktorlarını müəyyən etməyi aktuallaşdırır. TDT üçün onlar aşağıdakılar ola bilər:
- Ortaq türk identikliyinə malik olmaq;
- Siyasi-hüquqi legitimlik;
- Qərarların qəbul edilməsinin əsaslı, çevik və faydalı mexanizmini müəyyən etmək.
Bu faktorların hər biri ayrıca prosesdir və özəl funksiyaları vardır. Ortaq türk identikliyi TDT-nin bir təşkilat olaraq etnik-mədəni təməlinin möhkəmliyini, bütövlüyün və konkret obrazını ifadə edir. Bu identiklik məhdud irqi məna daşımır, əksinə, böyük bir qövmün müasir şərtlər daxilində əməkdaşlıq və təhlükəsizlik naminə real birləşə bilməsinin optimal modelini müəyyən etməkdə kompas rolunu oynayır. Həmin aspektdə türk dövlətlərinin şansları başqalarından daha çoxdur.
Birincisi, türk xalqları bir siyasi təşkilatda birləşmək modelini özlərinin artıq müstəqil dövlətlərinin mövcud olması əsasında axtarırlar. Bu, bəri başdan bərabərhüquqluluğu təmin edir və “böyük qardaş–kiçik qardaş” süni bölgüsünü arxa plana atır. Eyni zamanda, TDT-yə daxil olan hər bir türk cəmiyyətinin artıq daxili inteqrasiya olmaq təcrübəsi mövcuddur və onu uğurla ümumtürk mühitinə proyeksiya etmək şansı böyükdür.
İkincisi, TDT-nin yaradılmasında başlıca məqsəd uzun müddət özünü göstərmiş ədalətsizliyin qarşısını almaq və Türk dünyasının qlobal miqyasda layiqli yerini təmin etməklə bağlıdır. Yəni burada kimsəyə qarşı aqressiyaya yer yoxdur.
Üçüncüsü, əsasən Azərbaycanın təşəbbüsü və praktiki fəaliyyəti sayəsində TDT infrastruktur diplomatiyası üzərində bərqərar olur. Bu o deməkdir ki, TDT yalnız etnomədəni özəlliklə deyil, həm də praktiki infrastruktur şəbəkəsi ilə fərqlənir. Burada istehsal, istehlak, nəqliyyat, logistika, informasiya, yeni infrastrukturun yaradılması, təhlükəsizlik və digər aspektlərin sintezi yaradılır. Bu da TDT-nin müasir çağırışlar fonunda çox möhkəm və sivil təməllərə malik olduğunu ifadə edir.
Beləliklə, TDT bir inteqrasiya təşkilatı olaraq geniş perspektivlərə malikdir. Onun qlobal geosiyasətdə əsas güclərdən birinə çevrilməsi şansı yüksəkdir. Türk coğrafiyasını da əhatə edən son geosiyasi-hərbi proseslər bir daha göstərdi ki, TDT kəskin böhranlı şəraitdə də dayanıqlıdır və davamlı sülhü təmin etmək üçün təsirli addımlar ata bilər. Bu yalnız təşkilata üzv ölkələrin özlərini müdafiə üçün kollektiv fəaliyyətə tam hazır olmasında ifadəsini tapmır, həm də geniş bir coğrafiyada TDT-nin sülhyaradıcı potensialının çox olduğunu göstərir.
Sülhyaradıcılıq TDT-nin təşkilat kimi mahiyyətindədir. Onun əməkdaşlıq strategiyası və ona nail olmaq mexanizmləri də sülhyaradıcılıqla harmoniya təşkil edir. Vurğulanan keyfiyyətlər TDT-yə real olaraq qlobal geosiyasi güc kimi formalaşması imkanlarını xeyli genişləndirir. Bu baxımdan Azərbaycan Prezidentinin təşkilatın əsas geosiyasi güclərdən biri olmaq haqqındakı mövqeyi tam əsaslı və perspektivlidir!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

