Yaxud Rusiyanın “erməni sevdası”na güvənmək olarmı?
“Bütün məsələlər müzakirə olunacaq və həll ediləcək. Biz heç bir məsələ üzrə Rusiya ilə qarşıdurmaya getməyəcəyik, mübahisə etməyəcəyik”. Bu fikri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında səsləndirib. Əlbəttə, Simonyan hansısa məqamı mübahisə kontekstindən kənar qiymətləndirə bilər. Başlıca məqam Rusiya tərəfinin Ermənistanla əlaqəli durumu məhz mübahisə və qarşıdurma olaraq görməsidir. Ən başlıca məqamı isə sonda açıqlayacağıq.
Nəzərə alaq ki, 30 ilə yaxın müddətdə Ermənistan rəsmiləri nəinki Rusiya dövlətinin təmsilçiləri ilə hansısa mübahisə yaratmamışdılar, az qala, məzuniyyətə çıxanda da Moskvadan icazə almışdılar. Ona görə də hazırda rəsmi İrəvan təmsilçilərinin rahat davranmaları anti-Rusiya ritorikası kimi qəbul edilir. Hərçənd, sözügedən ritorikanın həqiqi mənada mövcudluğu da diqqətdən yayınmır. O zaman Simonyan iz azdırmaqlamı məşğuldur? Fikrimizcə, belə bir durum yoxdur. O zaman nə? İpucu verək ki, sonda açıqlayacağımız başlıca məqam məhz bu suala cavabla bağlıdır.
Məsələ ondadır ki, hazırda Ermənistan Rusiya üçün, bir növ, şıltaq, yolunu azmış uşaq kimidir. Şimalda ölkənin Kremlin orbitindən çıxması reallığı ilə heç cür barışmırlar, üstəlik, “bəlkə də qayıtdılar” gözləntisi var. Təbii ki, rəsmi Moskva vurğunu bu məqamın üzərinə qoya bilməz. Hərçənd, rus ictimai rəyində Ermənistanı və erməniləri nankor obrazında qələmə verən təqdimatlara da rast gəlinməkdədir. Məsələn, Rusiya dövlətinin nümayəndələri qurumdakı təsirlərini nəzərdə alaraq dəfələrlə bildiriblər ki, Ermənistanın təhlükəsizliyinin qarantı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. O təşkilat ki, İrəvan ora üzv olsa da, faktiki olaraq, fəaliyyətini dondurub. Simonyanın isə bu il aprelin 4-də bir açıqlaması var ki, spiker həmin açıqlamada ölkəsinin təhlükəsizlik qarantı olaraq Azərbaycanın adını çəkir. Bəs Rusiya? Bəs KTMT?
Ermənistan Milli Assambleyası sədrinin bu fikri Rusiyada heç cür xoş qarşılanmadı. Hətta haqqında söz açdığımız nankor damğalarının sıralandığını da gördük. Ümumən, rəsmi İrəvan tərəfindən Moskvada qıcıq doğuran çoxsaylı açıqlamalar verilib və onların hər birinin üzərində dayanmaq lüzumsuzdur. Görünən dağa nə bələdçi? O zaman Simonyanın əvvəldə diqqətə çatdırdığımız fikri konkret hansı səbəbdən dilə gətirdiyi üzərində dayanaq. Amma əvvəlcə bir məqama toxunaq.
Məlumdur ki, hazırda Azərbaycan–Rusiya münasibətləri rəvan müstəvidə deyil. 2024-cü ilin dekabrındakı məlum təyyarə olayı ilə bağlı tərəflər arasında hələ aradan qalxmayan soyuqluq yaranıb. Bununla əlaqəli bir sıra hadisə və prosesləri də görmüşük. Məsələn, Rusiyada Azərbaycana qarşı hərbi müdaxilə hədəli çağırışlar eşidilib. Bundan başqa, ölkənin ayrı-ayrı yerlərində, belə demək mümkünsə, azərbaycanlılara qarşı ayrı-seçkilik həyata keçirilib. Soydaşlarımız qəddar və qanunsuz münasibətlə, aşkar ədalətsizliklərlə üzləşiblər. O soydaşlarımız ki, iş adamları və sahibkarlardırlar. Görünür, Rusiyada kimlərsə zənn edib ki, bu sayaq davranışlarla ölkəmizə təzyiq göstərmək mümkündür. Əlbəttə, belə hesablamalar heç bir fayda vermədi və verə də bilməz. Azərbaycanın tutduğu ədalətli yoldan dönməsi mümkünsüzdür.
Əlqərəz, indi erməni jurnalistlər İrəvanın Moskva ilə münasibətlərindəki gərginliyə fokuslanaraq Rusiyanın ənənəvi davranış xəttini yada salır və Simonyana təxminən belə bir sual ünvanlayırlar: erməni biznesmenlər Rusiyada problemlərlə üzləşə bilərmi? Spiker cavabında əvvəldə diqqətə çatdırdığımız fikri dilə gətirib və eyni zamanda, bunları deyib: “Biz bütün məsələləri aradan qaldıracağıq və onları həll etməyə çalışacağıq. Biz Rusiya üçün heç bir təhlükə yaratmırıq, belə bir niyyətimiz də yoxdur.
Əgər hansısa problemlər varsa, onlar bütün ölkələr arasında mövcuddur, müəyyən vaxtlarda kəskinləşir, digər vaxtlarda isə səngiyir”. Əlbəttə, A.Simonyan problemlərin istənilən dövlətin digər dövlətlə münasibətlərində meydana çıxa bilməsinin mümkünlüyünü çox doğru vurğulayır. Başqa nə desin? Şübhəsiz ki, o da Rusiya ilə bağlı durumun fərqli olduğunun fərqindədir. Axı Kremlin problemləri həlletmə sahəsində öz metodları var. Bunu erməni jurnalistlər də anlayırlar. Ola bilər, onlar azərbaycanlı biznesmenlərə və iş adamlarına təzyiqləri görüblər və eyni halın erməni biznesmenlər və iş adamları üçün yaşanacağından ehtiyatlanırlar. Elə isə keçək əvvəldə anons etdiyimiz başlıca məqama.
Hesab edirik ki, nəinki hay jurnalistlərin, eləcə də Ermənistanın ictimai rəyinin digər təmsilçilərinin rəsmi İrəvanın Moskva ilə münasibətlərinə görə Rusiyadakı ermənilərin xoşagəlməz durumla üzləşəcəyini ehtimal edib ehtiyatlanmalarına əsas yoxdur. Çünki Rusiyada erməni sevdası var. O sevda o dərəcədə güclü fazaya malikdir ki, azərbaycanlı sahibkarların başlarına gətirilən oyunlarla erməni sahibkarların üzləşmələri qeyri-mümkündür. Şübhəsiz, A.Simonyanın jurnalistlərin suallarını son dərəcə rahat və arxayın tərzdə cavablandırması da bu reallıqla, yəni Rusiyada olan və bitib-tükənmək bilməyən erməni sevdası ilə bağlıdır.
Ə.RÜSTƏMOV
XQ

