Etimad körpüsündə yeni addımlar

post-img

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin təmasları sülh prosesinə dəstəkdir

Hələ də ictimai fəallar arasında ikitərəfli təmaslara qarşı çıxanlar, xalq diplomatiyasının uğuruna şübhə ilə yanaşanlar var. Aydındır ki, bu ovqat və təmayülün məğlubiyyəti tam həzm edə bilməyən Ermənistan cəmiyyətinə xasdır. Amma həmin kəsim bütün münaqişələrin, ən uzun sürən müharibələrin də sülhlə bitdiyini sübut edən tarixi reallığı da unutmamalıdır. Günümüzün digər reallığı isə bölgədə sülhə doğru qalib tərəfin inamla addımlamasıdır. Azərbaycan bu xoş məqamını, sülh əlini İkinci Qarabağ müharibəsi başa çatan kimi qarşı tərəfə uzatmışdı. Bakının uzatdığı əli sıxmağın məqamı 2025-ci il avqustun 8-də Vaşinqtonda tarixi görüşün taleyinə yazılıbmış. Məhz həmin görüşdə sülh mətninin paraflanması, ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması və bunun ardınca tərəflərin atdığı addımlar Cənubi Qafqazda sülh mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, əmin-amanlığın bərpası və möhkəmlənməsi üçün gözlə görünən perspektivləri açıb.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti regionda etibarlı və uzunmüddətli sülhün bərqərar olmasında maraqlıdır və bugünədək olduğu kimi, bundan sonra da sülh siyasətinə sadiq qalacaq. Rəsmi Bakı deyilənlərin təsdiqini konkret əməlləri ilə sübuta yetirir. 6 gün əvvəl Qəbələ şəhərində “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında baş tutan görüş rəsmi Bakının sülh siyasətinin atributu idi. Bu görüş sübut etdi ki, ölkəmiz sülhün möhkəmlənməsi üçün öz səylərini uğurla davam etdirməkdədir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Qəbələdə “Sülh körpüsü”nün iştirakçıları ilə görüşü, onlarla səmimi söhbəti və ermənilərin suallarını cavablandırması bir daha dövlətimizin sülhə verdiyi önəmi göstərir.

Qəbələ şəhərində keçirilən görüşün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov yerli mediaya açıqlamasında qeyd edib ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində müzakirələr əsasən regionda cərəyan edən proseslər, şimal və cənub qonşuluqda baş verən müharibələr nəticəsində artan qeyri-müəyyənliklər, daxili və xarici amillərin sülh prosesinə təsiri ətrafında aparılıb. Təşkil edilən ayrı-ayrı sessiyalarda iştirakçıların öz ölkələrindəki fəaliyyətinə, iki ölkə cəmiyyətlərinin sülh gündəliyini necə qəbul etməsinə, bu prosesə yön verən amillərə və imkanlara həsr olunduğuna diqqət çəkən F.Məmmədov Qəbələdə, eyni zamanda, sülhə aparan yolun növbəti mərhələsində əməkdaşlıq formatları ilə bağlı fikir mübadiləsi aparıldığını da vurğulayıb: “Təbii ki, sülh gündəliyini müəyyən edən əsas amil iki ölkənin razılaşdırdığı siyasi legitimlikdir. İyunun əvvəlində bu legitimliyin nə dərəcədə dayanıqlı olacağı və vətəndaş cəmiyyətlərinin hansı şərtlər altında birgə fəaliyyətini davam etdirə biləcəyi aydın olacaq. Əslində, bu amil sülh prosesinin fundamental əsasını təşkil edir və prosesin geriyə dönüb-dönməyəcəyi, yaxud geri dönüşsüz xarakter alıb-almayacağı sualına cavab verəcək”.

Politoloq onu da bildirib ki, belə ikitərəfli görüşlər bir-birini anlamağa, reallıqlarla tanış olmağa və gələcək addımları müəyyən etməyə imkan yaradır: “Bu gün demək olar ki, sülh gündəliyi daha dəqiq çərçivə qazanır və realist perspektivlər formalaşır. Müzakirələr çərçivəsində münaqişənin buraxdığı dərin travmalar, digər həssas mövzular və cəmiyyətlərin sülhə hazırlığı da nəzərdən keçirilir. Məhz bu cür səmimi və qarşılıqlı etimada söykənən müzakirələr vasitəsilə hansı istiqamətdə irəliləməyin mümkün olduğu aydınlaşır. Bəli, bu, uzunmüddətli yoldur və tərəflərdən səbir, ardıcıllıq və dözümlülük tələb edir. Amma onu da deməliyəm ki, sülh prosesinin dinamikası yüksəkdir və mövcud şəraitdə mümkün olan bütün addımlar atılır. Vətəndaş cəmiyyəti də bu prosesin tərkib hissəsi kimi öz rolunu müəyyən etməyə çalışır, həm birgə fəaliyyət həyata keçirir, həm də bu istiqamətdə öz ölkələrində fəaliyyətini davam etdirirlər”.

Sayca dördüncü olan ikitərəfli görüş təkcə iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələri arasında artıq mütəmadi xarakter almış dialoq deyil, eyni zamanda, Ermənistanla iqtisadi münasibətlərin normal məcraya düşməsi, etimad körpülərinin bərpası üçün ortaya qoyulan səylərdir. Görünən reallıq ondan ibarətdir ki, Azərbaycan iki ölkə arasında yekun sülhün tezliklə əldə olunması üçün konkret addımlar atır. Bəli, ölkəmiz Azərbaycan və Ermənistan cəmiyyətləri arasında uzun müddət mövcud olan düşmənçilik münasibətlərinin ortadan qaldırılması, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində mühüm işlər görür, əlindən gələn hər şeyi edir. Qəbələdə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən müzakirələr də məhz bununla bağlıdır.

Sonda əminliklə deyə bilərik ki, vətəndaş institutları nümayəndələrinin Qəbələ görüşü Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlanması istiqamətində irəliyə doğru atılan mühüm addım sayılmalıdır. Gələcəkdə oxşar məzmunlu görüşlərin keçirilməsi xalqlar arasında qarşılıqlı inam və etimadı əhəmiyyətli dərəcədə artıracaq ki, bu da etibarlı sülhün formalaşması, regionda uzunmüddətli əmin-amanlığın bərqərar olması üçün vacibdir. Birmənalı olaraq deyə bilərik ki, bu qəbildən olan görüşlər 30 il ərzində yandırılmış, yaxud yararsız hala salınmış etimad körpülərinin bərpasına, qonşuluq münasibətlərinin yaranmasına, ilk növbədə isə, sülhə gətirib çıxaracaq.

Tofiq ABBASOV,
siyasi icmalçı

İki ölkə arasında etimad körpülərinin bərpa olunması vaxtı çoxdan çatıb. 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində Azərbaycan qələbə çalanda Ermənistan rəsmi Bakının konsturktiv, sağlam ruhlu təkliflərinə səs verməli idi. Hətta 2023-cü ilin sentyabrında Azərbaycanın antiterror tədbirindən sonra da İrəvan özündə bu cəsarəti tapmadı. Amma Azərbaycan öz məramından dönmədi, sülh quruculuğunda təşəbbüskar və təqdirli oldu, təşkilatçılığı da yüksək səviyyədədir. Açıq deməliyik ki, biz Ermənistana çox dəyərli hədiyyələr vermişik, sürprizlər etmişik. İrəvan isə bunun müqabilində adekvat addımlara hazır deyildi.

Bəli, Qəbələ görüşü sülhə aparan yolda əhəmiyyətli təmasların göstəricisidir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin görüş iştirakçıları ilə görüşməsi də təsadüfi deyildi. Onun bu həssas mövzuda Ermənistan heyətinin üzvləri ilə səmimi söhbəti, suallarını cavablandırması ölkəmizin liderinin, siyasi elitasının məramının müharibə, düşmənçilik səhifəsini bağlamağa çoxdan hazır olduğunun nümayişi idi. Bu kontekstdən yanaşanda Ermənistanın “kəsirlərini” görürük. Azərbaycan dünənki işğalçıya tranzit verir, bu yolla strateji mal və məhsullar ora ötürülür. Bütün bunlar beynəlxalq səviyyədə təqdir olunan addımlardır. “Sülh körpüsü” ilə bağlı bir misal çəkəcəm. Ermənistanlı həmkarım, “İrəvan pess-klub”unun rəhbəri Boris Navasardyan mənə müsahibəsində dedi ki, əsas göstərici odur ki, artıq biz beynəlxalq təşkilatlarda bir-birimizdən çuğulluq etmirik. Bu, ondan xəbər verir ki, ikitərəfli münasibətlərin bərpası üçün yaxşı ab-hava formalaşır. Azərbaycan Prezidenti elə ilk gündən ölkələr arasında ikitərəfli formatın ən məqbul müstəvi olduğunu bildirmişdi. Birbaşa dialoq, vasitəçisiz ünsiyyət faydalı platformanın yaranmasını şərtləndirir. Əlbəttə, bu, birtətəfli proses olmamalıdır: bir addım bizdən, bir addım da onlardan. Buna isə bizdən çox Ermənistanın ehtiyacı var. Əgər doğrudan da körpülərin bərpasına hazırsınızsa, bunu əməldə göstərməlisiniz.

İ.HƏSƏNQALA
XQ



Siyasət